Spiegel: Almaniyada yarmarkada izdihamın üzərinə sürən avtomobildə vəsiyyətnamə tapılıb
Almaniyanın Maqdeburq şəhərində izdihamın üzərinə sürülən avtomobilin içərisindən vəsiyyətnamə tapılıb, Der Spiegel xəbər verir.
Qeyddə sürücü ölümündən sonra bütün əmlakının Almaniya Qızıl Xaç Cəmiyyətinə (DRK) veriləcəyini bildirib. Nəşrin qeyd etdiyi kimi, qeyddə heç bir siyasi mesaja rast gəlinməyib.
Həmin şəxs cinayətin törədilməsinə bir həftədən çox vaxt qalmış, dekabrın 11-də BMW icarəyə götürüb.
Faciə dekabrın 20-də axşam Milad bazarında baş verib. Saxlanılan avtomobilin sürücüsü 1974-cü il təvəllüdlü, Maqdeburqdan təxminən 300 km aralıda Bernburqda işləyən Səudiyyə Ərəbistanından olan həkimdir.
Maqdeburqun baş prokuroru Horst Nopens deyib ki, səbəb Almaniyada Səudiyyə Ərəbistanı qaçqınlarına münasibətdən narazılıq ola bilər.
Polisin məlumatına görə, toqquşma nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb. AFP agentliyi Almaniyanın xilasetmə xidmətlərinə istinadən yazıb ki, insident nəticəsində 60-80 nəfər yaralanıb. Daha sonra Bild yerli polis məlumatlarına istinadən 200-dən çox qurban haqqında yazıb.
Hadisədən sonra yarmarka bağlanıb. Əvvəlcə onun dekabrın 29-na kimi açıq olacağı planlaşdırılırdı.