Newscenter.az xəbər verir ki, “ИнклюзиОN лаб” Rusiya Federasiyasının Maarif Nazirliyinin dövlət sifarişi əsasında yaradılmışdır. “Azərbaycan və Rusiyanın təhsil məkanında gələcək müəllimlərdə inklüziv mədəniyyətin formalaşmasının pedaqoji strategiyaları” adlı elmi-tədqiqat layihəsi çərçivəsində geniş elmi-tədqiqat fəaliyyəti həyata keçirilmiş, 600-ə yaxın tələbənin iştirakına şərait yaradılmış, beynəlxalq nüfuzlu jurnallarda elmi məqalələr dərc olunmuş, monoqrafiya, metodik tövsiyələr çap edilmiş, tələbələrimiz üçün Rusiya Federasiyası Çeçenistan Pedaqoji Universitetində “Xüsusi uşaqlıq, çağırışlar və perspektivlər” adlı tələbə konfransı keçirilmişdir.
Tələbələrimizin Çeçenistana səfəri zamanı çoxsaylı tədbirlər reallaşdırılmış, o cümlədən, dəyirmi masa, sərgi, müsabiqə, təlimlər təşkil edilmiş, layihə çərçivəsində Çeçenistanın əksər reabilitasiya mərkəzləri ilə tanışlıq olmuşdur. ÇDPU-nun professor-müəllim heyəti Azərbaycana səfər etmiş, təcrübə mübadiləsi aparılmış, təlimlər keçirilmişdir. Habelə online və offline görüşlər, müzakirələr təşkil olunmuşdur. Layihə çərçivəsində ADU-da açılmış laboratoriya müasir avadanlıqlarla təchiz edilmişdir.
Açılışda ADU-nun rektoru akademik K.Abdullayev çıxış etmiş, qonaqları salamlamışdır. Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri, Rus Evinin rəhbəri, Azərbaycandakı Rus İcmasının nümayəndələri iştirak etmişdir. ADU-nun Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova qonaqları ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin, Rusiya Federasiyasının Maarif Nazirliyinin ilə yaradılmış Açıq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış etmiş, laboratoriyada yerləşdirilən və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, korreksiyası məqsədilə istifadə olunan avadanlıqlar – Səs qoyuluşu və artikulyasiya gimnastikası üçün loqopedik trenajor, Eşitmə məhdudiyyətli şəxslər üçün xüsusi qurğu, Görmə məhdudiyyətli şəxslər üçün mətni skan edən və oxuyan qurğu haqqında ətraflı məlumat vermişdir.
Vurğulamışdır ki, həmin resurslar həm təlim prosesində, həm də xüsusi təlim ehtiyacları olan tələbələrin korreksiyasında, cəmiyyətə inteqrasiyası istiqamətində istifadə ediləcəkdir.