1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Almaniyada milad bazarında insanların üzərinə maşın sürməklə həyata keçirilən hücumla bağlı şok təfərrüat üzə çıxmaqda davam edir. Belə ki, cinayətkar Taleb əl-Əbdülmöhsünün maşınında vəsiyyətnamə aşkar edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Der Spiegel" öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilib ki, cinayətkarın son istəyi ölümündən sonra bütün aktivlərinin Almaniyada Qızıl Xaç Cəmiyyətinə keçməsi olub. Güman ki, Taleb hücumdan sağ çıxmaq istəməyib.
Vəsiyyətnamədə siyasi mesajların olmadığı vurğulanıb.
Xatırladaq ki, hadisə dekabrın 20-də Maqdeburq şəhərində baş verib. Saksoniya-Anhalt vilayətinin rəsmi nümayəndəsi Mattias Şuppe hücumu terror aktı adlandırıb. Hadisə nəticəsində 200-dən çox insan xəsarət alıb, azı beş nəfər həyatını itirib.
Sonradan məlum olub ki, Taleb əl-Əbdülmöhsün Səudiyyə Ərəbistanından olan antiislamistdir. Terrorizm və insan alveri ittihamı ilə Səudiyyə Ərəbistanı hakimiyyətindən gizlənən bu şəxs 2006-cı ildə Almaniyadan siyasi sığınacaq istəyib. İddiaya görə, Berlin onun ekstradisiyasından imtina edib.
Həmçinin məlum olub ki, Almaniyada psixiatriya və psixoterapiya sahəsində tibb mütəxəssisi kimi çalışan Taleb bir il əvvəl cinayət planı barədə sosial şəbəkə hesabından paylaşım edib. Bunu görən istifadəçilərdən biri Berlin polisinə məlumat verib, onun adını, doğum tarixini və Maqdeburqda ehtimal olunan yaşayış yerini göstərib. Xəbərdarlığın Almaniyanın hüquq-mühafizə orqanlarına çatıb-çatmadığı açıqlanmayıb.