AZ

İctimai rəyin öyrənilməsi departamentinin 2024-cü il üzrə elmi-tədqiqat fəaliyyəti ilə bağlı hesabatının xülasəsi

Departamentin fəaliyyəti 2024-cü ildə aşağıdakı bölmələr üzrə əldə edilmiş nəticələrdə öz əksini tapmışdır:

 I BÖLMƏ üzrə cəmi: 1 kitab, 12 məqalə (o cümlədən 2-si xaricdə olmaqla)

 II BÖLMƏ üzrə cəmi: 15 analitik hesabat və analitik təhlil sənədi,11 icmal sənədi, 17 arayış, 17 sorğu əsaslı təhlil sənədi və 11 monitorinqin nəticəsi

 III BÖLMƏ üzrə cəmi: 65 mediaya müsahibə, açıqlama, tədbirlərdə məruzə ilə çıxış
2024-cü təqvim il üzrə STM-in İctimai rəyin öyrənilməsi departamenti tərəfindən ictimai-siyasi və sosial-iqtisadi sahələr üzrə aktual mövzularla bağlı kəmiyyət və keyfiyyət metodologiyaları əsasında sosioloji sorğular, fokus qrup müzakirələri və dərinləşdirilmiş müsahibələr təşkil olunub, əldə olunan məlumatlar əsasında analitik hesabatlar, təhlil və arayış sənədləri hazırlanıb.

İctimai rəyin formalaşdırılması, dövlət siyasətinin şərhi və təbliği məqsədilə media platformalarında sorğu əsaslı çoxsaylı təhlil sənədləri yerləşdirilib, mediaya müsahibələr verilib, konfrans və tədbirlərdə məruzələrlə çıxışlar edilib.

Departament üzrə 2024-cü ilin birinci yarısı ərzində fəaliyyət ümumilikdə 185 məhsulda – sosioloji sorğular, fokus qrup müzakirələri, analitik hesabat, təhlil və arayış sənədləri, həmçinin elmi-praktiki konfransda məruzə, müsahibə və çıxışlar formasında əksini tapıb.

 İctimai rəy sorğuları və tədqiqat layihələri
Departament tərəfindən cari ilin birinci yarısı ərzində ümumi əhali arasında və xüsusi hədəf qruplarla olmaqla, 26.563 respondentin iştirakı ilə 23 sosioloji sorğu, 11 fokus qrup müzakirəsi, 1 dərinləşdirilmiş müsahibə və 2 monitorinq həyata keçirilib. Sosioloji sorğuların 8-i kompüter dəstəkli üz-üzə müsahibə, 13-ü telefonla müsahibə, 2-si onlayn üsulla aparılıb.

Departament tərəfindən ilin əvvəlində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ictimai rəy sorğusu keçirilib. Prezidentin cari ilin birinci yarısı üzrə fəaliyyətinin ictimai rəy əsasında qiymətləndirilməsi məqsədilə “İnam indeksi” seriyası üzrə növbəti (12-ci) tədqiqat layihəsi icra olunub. Eyni zamanda 2024-cü ilin 1 sentyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən irəli gələrək, cəmiyyətdə siyasi proseslərə maraq səviyyəsi, Milli Məclisin fəaliyyətinə münasibət, millət vəkilinin fəaliyyətinin qiymətləndirilməsi, Milli Məclisə seçkilər və yeni parlamentdən gözləntilər sorğu əsasında tədqiq edilib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar olaraq, “Azərbaycanda aktual ekoloji məsələlər, sosial aspektləri və nəticələri”, “COP29: Gender məsələlərinin dəyərləndirilməsi” mövzularında sosioloji sorğular keçirilib.

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanından irəli gələrək, Prezident Administrasiyasının tapşırığı əsasında müvafiq dövlət orqanları (qurumları) tərəfindən qeyri-yaşayış təyinatlı tikinti obyektlərində aparılan müayinələrin və nəticələrə dair rəylərin dəyərləndirilməsi, vətəndaşların və sahibkarlıq subyektlərinin məmnuniyyətinin öyrənilməsi məqsədilə tikinti obyekti istifadəçiləri (sahibləri) arasında sorğu keçirilib və nəticələrin təhlili əsasında analitik hesabat hazırlanıb.

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının 4.9-cu bəndindən irəli gələrək, “Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə məmnunluğun qiymətləndirilməsi” mövzusunda sosioloji sorğu keçirilib. O cümlədən, hava nəqliyyatında gömrük xidmətlərindən məmnunluğun qiymətləndirilməsi məqsədilə keçirilmiş sorğular əsasında analitik hesabat hazırlanıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında 27 mart 2024-cü il tarixli 183 nömrəli Qərarı çərçivəsində paytaxt və ətraf ərazilərdə taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı aparılan islahatlardan irəli gələrək taksi fəaliyyəti ilə məşğul olanlar və şəhər sakinləri arasında rəy sorğuları keçirilib, analitik hesabat hazırlanıb.

Türk dünyası ölkələri arasında ayrı-ayrı sahələrdə inteqrasiyanın sürətləndirilməsi çərçivəsində Beynəlxalq Türk Akademiyasının sifarişi əsasında “TürkBarometri 2024: Türk dövlətlərində təhsil sisteminə ictimai yanaşmalar” tədqiqat layihəsi icra olunub.

Tədqiqat çərçivəsində məktəb və universitet müəllimləri arasında sosioloji sorğu və təhsil ekspertləri ilə müsahibələr aparılıb.

Dövlət orqanlarının (qurumlarının), həmçinin yerli icra hakimiyyəti orqanlarının stasionar və qaynar xətlərinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 41 dövlət orqanını (qurumunu) və 79 yerli icra hakimiyyəti orqanını əhatə edən monitorinqlər aparılıb. Monitorinq çərçivəsində sözügedən orqanlara (qurumlara) video-qeydiyyatı aparılmaqla 3000-dən çox zəng edilib.

Spesifik qrup olaraq gənclər arasında internet və sosial media vərdişləri, rəqəmsal hüquqlar haqqında məlumatlılıq, gənclərin rəyində peşə təhsili və onun əmək bazarının tələblərinə uyğunluğu mövzularında sosioloji tədqiqatlar aparılıb. Eyni zamanda Departament tərəfindən postmünaqişə və seçkilərdən sonrakı mərhələndə yeni milli ideya, yeni dövrün hədəfləri, Qərbi Azərbaycana qayıdış mövzusunda Qərbi Azərbaycanlılar arasında, ictimai-siyasi əhəmiyyətli digər mövzularda sosioloji sorğular keçirilib və təhlil sənədləri hazırlanıb.

Departament əməkdaşları bir sıra tədbirlərdə və görüşlərdə, konfranslarda məruzə ilə çıxış ediblər. O cümlədən, BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyi, Mərkəzi Bankın İstehlakçılarla iş departamenti, Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Universitetinin Tətbiqi Sosiologiya Mərkəzi arasında əməkdaşlıq görüşündə iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP29), MDB PA-nın iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun (MDB PA DİMBİ) Bakı filialının təşkilatçılığı ilə “Azərbaycan Respublikasında demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu” mövzusunda dəyirmi masada, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” jurnalı və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş tədbirdə, “İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz” adlı elmi konfransda, Quba şəhərində keçirilən “Azərbaycanşünaslığın aktual məsələləri” adlı elmi-praktiki konfransda, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən “Böyük Qayıdış” adlı elmi-praktik konfranslarda çıxış ediblər.
Sosial Tədqiqatlar Mərkəzinin və ADPU Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “…Biz Qərbi Azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq…” adlı elmi-praktiki konfrans keçirilib. Bakı Slavyan Universitetində “Tarixi irsin izi ilə” adlı elmi-praktiki konfrans və “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı keçirilib. Sosial Tədqiqatlar Mərkəzinin və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” mövzusunda XV beynəlxalq elmi konfrans keçirilib və departament əməkdaşları həmin tədbirlərdə məruzə ilə çıxış ediblər.

Seçilən
23
4
yenicag.az

5Mənbələr