“Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin doğum günüdür. Prezident İlham Əliyev bu gün yalnız Azərbaycan Respublikasının yox, dünya azərbaycanlılarının lideri olduğunu sübut edib, ali dövlət siyasi xadimidir. 2003-cü ildə andiçmə mərasimində möhtərəm Prezident iki məsələyə xüsusi toxundu. O qeyd etdi ki, bütün azərbaycanlıların prezidenti olacaq və Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək. Üstündən illər ötür, həmin gündən prezidentliyə başlayan İlham Əliyev hər gün, hər saat Azərbaycanımızı, xalqımızı, dövlətimizi qələbəyə aparır və bütün fəaliyyətində milli maraqlarımızı, dövlətçilik maraqlarını əlində rəhbər tutaraq bu siyasəti uğurla həyata keçirir”.
Bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Vüqar İsgəndərov bildirib.
Millət vəkili qeyd edib ki, bütün dünya İlham Əliyevdən danışır: “Bütün dünya gördü ki, bir siyasi xadim, ölkə başçısı öz xalqını, dövləti necə sevə bilər. Necə ağıllı, necə qətiyyətli siyasi gedişlər edə, öz dövlətini qlobal arenada zirvələrə qaldıra, xalqını dünyanın ən qürurlu, alnı açıq, üzüağ xalqı edə bilər. Azərbaycan Prezidenti bütün bunları xalqının birliyi, ona olan sevgisi, vətəndaş həmrəyliyinin təcəssümü ilə əldə edə bildi.
Paralel olaraq həm iqtisadi, həm kadr islahatları, həm sosial problemlərin həlli, ordu quruculuğu, siyasi institutların formalaşması və inkişaf etdirilməsi, xarici siyasətdəki uğurlar tək Azərbaycan Pespublikasının Prezidenti kimi yox, Qoşulmama Hərəkatının rəhbəri kimi 120 ölkənin üzv olduğu bu təşkilatın lideri, qlobal oyunçu kimi bu gün dünyanın ən nüfuzlu liderləri siyahısında öncül yerdə qərarlaşan liderimiz özünün uğurlu daxili və xarici siyasəti, fəaliyyəti ilə bir nümunə ortaya qoydu.
Bu gün Azərbaycan yalnız regional yox, qlobal arenada nüfuzlu bir dövlətdir və onun Prezidenti çoxluq tərəfindən qəbul edilən siyasi liderdir. Təbii ki, bu hər bir azərbaycanlını qürurlandırır və düşünürük ki, cənab İlham Əliyev bu uğurlarını xalqına güvənərək, inanaraq, xalqından aldığı güclə əldə edib, bütün bu çətin və məşəqqətli prosesləri müvəffəqiyyətlə keçə bilib.
Bu gün Azərbaycan xalqı da, dünya azərbaycanlıları da öz liderinə sonsuz güvənir və ona sonsuz məhəbbəti var. Bu birlik, bu tandem hələ bizi qarşıdan gələn illərdə də uğurlara aparacaq və düşünürük ki, Azərbaycanımızı cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, ölkə başçımızın silahdaşı Mehriban xanım Əliyevanın birgə uğurlu fəaliyyətləri ilə Azərbaycanımızı hələ çox böyük uğur və nailiyyətlər gözləyir”.