AZ

Turistlərin sevimli məkanına çevrilən Lefkoşa -FOTOLAR

Son illər ərzində dünyada turizm sahəsinə maraq artıb. Turizmin sürətlə inkişaf etməsində bir neçə amil var. Gözəl təbiət, tarixi abidələr və komfortlu otellər və yaxud yaşayış evləri. Sözsüz turistlərin çoxu səfər etdikləri ölkələrdə tarixi abidələrlə yanaşı, həmin ölkənin bol günəşli olmasına üstünlük verirlər. Bu gün dünya turistmində sürətlə inkişaf edən ölkələrdən biri də Şimali Kipr Türk Cümhuriyyətidir.

Qədim tarixə malik və XI əsrdən bu yana Kiprin paytaxtı olan Lefkoşa, digər adı ilə desək, Nikosiya şəhəri dünyanın ikiyə bölünən tək paytaxt şəhəridir. Lefkoşada və yaxud Nikosiyada bir Berlin divarı olmasa belə, ara bölgə mövcuddur. Bu bölgə hazırda BMT qüvvələrinin nəzarəti altındadır.

Lefkoşanın bölünməsi 1963-cü ildə baş verib. Adada yaşanan etnik toqquşmalar, adanın hər yerində olduğu kimi, Lefkoşanı da qan gölünə çevirmişdi. 1963-cü ildə “Qanlı Noel” hadisələrindən sonra 27 dekabr 1963-cü ildə Kipr Respublikasının üç qarant dövləti olan Türkiyə, Yunanıstan və İngiltərə əsgərlərindən ibarət “Sülhü qoruma qüvvələri” yaradılır. Bu zaman İnglis general əlindəki yaşıl rəngli qələmlə 30 dekabr 1963-cü ildə adanı ikiyə ayıran xətt cızır və bununla da Lefkoşa “Yaşıl xətt”in üzərində ikiyə bölünür. 1983-cü ildə adanın şimalında qurulan Şimali Kipr Türk Cumhuriyyəti elan edildikdə Lefkoşa ŞKTC-nin paytaxtı ünvanını alır. Beləliklə də, “Yaşıl xətt”in üzərində yerləşən şəhərin bir tərəfi Kipr yunanlarının, bir tərəfi də Kipr türklərinin paytaxtı olur.

İkiyə bölünən şəhərin içində başqa bir şəhər də mövcuddur. Burası bizim Bakıdakı “İçərişəhər” kimi 11 guşəli qala divarlarının əhatə etdiyi “Eski şəhər” adını daşıyır. Turistlərin axın-axın gəlib ziyarət etdiyi Lefkoşa şəhərinin dairəvi “Eski şəhər”inə üç yerdən giriş qapısı var və ən məşhuru Girnə qapısıdır. Qaladan çöldəki hissəsinə isə yeni binalar və modern şəhər həyatı hakimdir.

Lefkoşa şəhəri Kiprin Mesarya obasının orta qismində yerləşir. Dənizə çıxışı olmayan bu şəhər yayda həddindən artıq isti, qış aylarında isə soyuq olması ilə səciyyələnir.

Qala divarlarının əhatə etdiyi “Eski şəhər” isə sözün tam mənasında bir turistik yerdir. Turistlərin diqqətini çəkən və ən çox ziyarət edilən yerlər isə Venesiya sütünü, Girnə qapısı, Səlimiyə məscidi və Böyük Xandır.

Gözəl havası və təbiəti ilə yanaşı, Şimali Kipr çox dərin tarixə malik bir yerdir. Burada bir çox sivilizasiyaların izləri var. Şimali Kipr münbit torpaqları, gözəl havası, gözəl dənizi olan bir ölkədir.

Olduqca qədim tarixə malik bu bölgədə gəzməli və görməli çox yerlər var. Tarixi turizm həvəskarları bu yerdə heç darıxmayacaqlar. Çünki Şimali Kiprdə o qədər tarixi abidələr mövcuddur ki, buranı gəzməklə bitirmək mümkün deyil.

Olduqca gözəl dəniz çimərliklərinə sahib bu bölgədə dumduru, göz yaşı kimi şəffaf sularda üzmək hər kəsin arzusudur.

Şimali Kipri həm də zarafatla  otellər və kazinolar ölkəsi adlandıranlar yanılmır. Ərazisinə görə bəlkə də otel sayının çoxluğu sizi çaşdıra bilər. Hər addımda müasir və panoramalı otellər turizmin sürətlə inkişaf etməsi üçün nəzərdə tutulub.

İndi Şimali Kiprin paytaxtı olan bu qədim şəhərdə gəzməli olduğunuz məkanları sizə təqdim edirəm.

Barbarlıq Muzeyi

image-1

Barbarlıq muzeyi birmərtəbəli bağçası olan kiçik bir evdə yaradılıb . Muzeydəki fotoşəkillər 21 dekabr 1963-cü ildə Kipr vətəndaşlarının yunanların qırğınları ilə qətliamını və həyatlarının məhv edilməsini günümüzə çatdırır.

Barbarlıq muzeyi vətəndaş müharibəsinin ilk illərində, 24 dekabr 1963-cü ildə Kipr Türk Qüvvələri Alayının doktoru, mayor Dr. Nihat İlhanın həyat yoldaşı Mürüvvət və uşaqları, Murat Kutsi Hakan və ev sahibəsi Fəridə Güdumun qətlə yetirildiyi ev olduğu üçün mühafizə altındadır.

Venesiya sütunu

image-2

Atatürk meydanında yerləşən Venesiya sütünu venesiyalılar tərəfindən 1550-ci ildə tikilib. Hündürlüyü 6 metrdir. Bu sütünun adada yerləşən indiki “Salamis xarabalıqları” adlanan məbəddən gətirildiyi bildirilir. Əvvəllər üzərində “St Mark” aslanı olub. Osmanlılar dövründə Venesiya sütununun yeri dəyişdirilir və Sarayönü məscidinin həyətinə yürləşdirilir. 1915-ci ildə İngilislər sütünü əvvəlki yerinə qaytarırlar.

Selimiye məscidi

image-3-jog

Əvvəllər kilisə olan Selimiyə məscidi Lefkoşada gedib görüləsi yerlərdən biridir. Bu, Kiprin ən böyük ibadətxanasıdır. Bina qotik üslubda tikilib. Tikilməsinə 1208-ci ildə başlanmış və 1326-cı ildə isə ibadətə açılıb. Bu kilisə Kiprin ən önəmli kilisəsi olub və burada tacqoyma mərasimləri də keçirilib. Bina orta əsr Fransa memarlığının bir incisidir. İnşasını fransız memar və ustaları yerinə yetirib.

Böyük Xan

image-5

1572-ci ildə Osmanlı valisi bəylərbəyi Müzəffər paşa tərəfindən tikildiyi bildirilir. Böyük Xan kvadrat şəklində tikilən, həyətyanı sahəsi olan ikimərtəbəli binadır. Burada məscid də yerləşir. Məscid mərmər sütunlar üzərində tikilib. Əvvəllər karvansara olaraq fəaliyyət olan Böyük Xan 1878-ci ildə ingilislərə Osmanlı imperiyası tərəfindən kirayə verildikdən sonra 1895-ci ilə qədər həbsxana olaraq işlədilib. 1901-ci ildən sonra isə yenə də əvvəlki kimi karvansara olub. 1947-1963-cü illər arasında isə yoxsul ailələrin kirayədə qaldıqları yaşayış evi kimi istifadəyə verilib. 1963-75-ci illərdə isə anbara çevrilib.
1995-ci ildə Türkiyə tərəfindən restavrasiya olunan Böyük Xan 2000-ci ildən ziyarətçilərə açıq elan edilib. Hazırda Türk memarlığının sənət əsəri olan Böyük Xanda restoranlar, muzeylər və dükanlar fəaliyyət göstərir.

Modern Lefkoşa həyatının simvolu Dərəboyu küçəsi

Dərəboyu bölgəsi müasir Lefkoşa həyatını əks etdirir. Burası dükanları, restoranları, gecə klubları, iaşə obyektləri ilə məşhurdur. Demək olar ki, Lefkoşanın ən məşhur restoranları burada yerləşir. Xüsusilə də Lefkoşa gənclərinin axın etdiyi Dərəboyu sözün əsl mənasında Kipr gəncliyinin modern həyat tərzini əks etdirir.

Ledra Palas keçid qapısı

Turistlərin gedib görmək istədiyi digər bölgə də “Eski şəhər”in içində yerləşən Lefkoşanın digər tərəfinə, yunan Kiprinin paytaxtı Nikosiyaya keçilən Ledra Palas keçid qapısıdır. Hər iki tərəfdən əhali çox rahat şəkildə bu paytaxtdan digərinə hərəkət edə bilir.

Əgər adaya Türkiyədən daxil olmusunuzsa yunan tərəfinə keçə bilməzsiniz. Əks tərəfdən adaya girmisinizsə sərbəst şəkildə Şimali Kiprə də girmək mümkündür. Bu keçid məntəqəsindən başqa digər 2 bölgə də var ki, oradan avtobillərlə rahat keçmək olur.

Lakin hər nə qədər özünəməxsus memarlığı və həyat tərzi ilə seçilən şəhər olsa belə, Lefkoşada müharibənin izlərinə də rast gəlinir. Dağıdılan binalar, güllələrin dəlib-deşdiyi divarlar bu gün keçmişdə yaşananların izlərini daşımaqdadır.

Siz bu gözəl ölkədə çox gizlin tarixə şahid ola bilərsiniz. Hər daşı, hər kəsəyi belə tarix oaln Şimali Kiprə səfər etməklə dünyanı kəşf edə bilərsiniz.

Qoşqar Salmanlı

Seçilən
14
1
veteninfo.az

2Mənbələr