AZ

“Araz sahilində doğan günəş”

Xəbər verdiyimiz kimi, Akademik Rus Dram Teatrında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş  “Araz sahilində doğan günəş” tamaşası nümayiş olunub.

Naxçıvanın Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı dram əsəri ötən əsrin əvvələrindən regionda, eləcə də ölkəmizdə baş verən ictimai, siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edir. Səhnə əsəri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşcu rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azər Cəfərlidir. Səhnə əsərində rolları Xalq artistləri - Rza Xudiyev, Rövşən Hüseynov, Həsən Ağasoy, Əməkdar artistlər - Əli Əliyev, Behruz Haqverdiyev, Vidadi Rəcəbli, Əbülfəz İmanov, Nazlı Hüseynquliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, Uğur Nəsirli, Məmməd Mehdiyev və digər aktyorlar ifa edirlər.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev XQ-ə müsahibə verib:

- Əsər bu il Naxçıvan Dövlət Dram Teatrında səhnələşdirilib. Bu, Naxçıvanın muxtariyyət əldə etməsi mövzusunda səhnəyə qoyulan nadir əsərlərdəndir. Tamaşada 1920-24-cü illərdə Naxçıvanda baş verən ictimai-siyasi hadisələr göstərilir. Arxiv sənədləri əsasında hazırlanmış tamaşada tarixi sənədlərə əsaslanan fikirlər də öz əksini tapmışdır. Məsələn, Mustafa Kamal Atatürkün vaxtilə məşhur olmuş, indi də tarixi əhəmiyyətini qoruyub saxlayan bir ifadəsi səslənir: “Naxçıvan türk dünyasının qapısıdır, onu qorumaq lazımdır. Vaxt gələcək, bu qapı bizə çox lazım olacaq”. Əsərdə, həmçinin Azərbaycanın bolşevik inqilabçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun o zamanlar erməni daşnaklarının, bolşeviklərin Bakıda ağalıq etmələrinə qarşı kəskin etirazı göstərilir. Naxçıvanın o vaxtkı ədliyyə naziri Behbud ağa Şaxtaxtinskinin muxtariyyətin əldə olunması və Qars müqaviləsinin bağlanmasında əhəmiyyətli rolundan bəhs olunur. Mən belə düşünürəm ki, bu tamaşa Naxçıvanın Muxtariyyət əldə etməsinin 100 illiyinə həsr olunmuş ən gözəl hədiyyədir. 

Fidan SALMANOVA

 XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr