Hindistanın Bhopal şəhəri yaxınlığındakı meşədə tərk edilmiş avtomobildə sərvət tapılıb. Metbuat.az xəbər verir ki, avtomobildə 52 kiloqram qızıl və külli miqdarda pulun olduğu müəyyən edilib. Avtomobilin və qiymətli əşyaların haradan götürülməsi ilə bağlı araşdırmalara başlanılıb. Bildirilir ki, polis avtomobilin sürücüsünü müəyyənləşdirib, pulun və qızılın mənbəyi araşdırılır. Məlumata görə, polislər sərvətin basqınlara məruz qalan şəxs tərəfindən meşədə tərk edildiyini nəzərdən keçirir. Digər ehtimala görə, hadisə bölgədəki daşınmaz əmlak sənayesini hədəf alan basqınlarla əlaqəli ola bilər. Qeyd edək ki, hadisədən əvvəl keçmiş dövlət məmurunun evində aparılan axtarışlar zamanı 10 milyon rupi nağd pul və 40 kiloqram gümüş ələ keçirilib. Bu, tərk edilmiş avtomobildə tapılan böyük miqdarda qızıl və nağd pulun daha geniş cinayət zənciri ilə əlaqəli ola biləcəyini ortaya qoyur.