Siyəzən, 24 dekabr, Elxan Yusifli, AZƏRTAC
"Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə olan “Şəhərgah” yaşayış yerində aparılan arxeoloji qazıntı işləri nəticəsində yeni məlumatlar əldə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun sektor müdiri Müzəffər Hüseynovun rəhbərliyi ilə noyabrın 20-dən başlayan qazıntı işləri bir ay davam edib. Arxeoloqlar qoruq ərazisinə daxil olan “Şəhərgah” yaşayış yerinin ilk dəfə olaraq Erkən orta əsrlərlə yanaşı, Erkən tunc dövrünə aid olduğunu müəyyənləşdiriblər. Bu da yaşayış yerinin yaşının 3 min ildən daha qədim olduğunu söyləməyə əsas verir.
“Şəhərgah” yaşayış yeri Gil-Gilçay çayınının sağ sahilində, Şabran-Siyəzən yolunun kənarında yerləşir. Abidə yüksək təpəlik ərazinin düzənliyə düşən hissədə salınıb. Yaşayış yerinin bir hissəsi Gil-Gilçay səddinə söykənir. Qazıntı sahəsindəki abidənin bir metrlik üst təbəqəsi İlk orta əsrlər dövrünə aiddir. Buradan həmin dövrə xarakterik müxtəlif həcmli saxsı qablar və daşdan hazırlamış əmək alətləri aşkar edilib. Burada ilk orta əsrlərə aid olduğu ehtimal edilən çay daşlarından qurulmuş divar qalıqları var. Altı metr uzunluğundakı bəzi divarlar günümüzədək dağlmayıb.
Abidənin dərinliyə doğru bir mertdən sonrakı hissəsində isə Erkən tunc dövrünə aid səthi cızma üsulu ilə naxışlanmış bütöv saxsı qab aşkarlanıb. Qonur və boz rəngli saxsı küpə və kiçik həcmli başqa qablar həmin dövr üçün xarakterikdir.
Tapılan qabın üzərindəki cızmaların bəzək və ya hər hansı işarə məqsədi ilə çəkliməsi, həmçinin çay daşlarından qurulmuş divarların dəqiq hansı dövrə aid olması gələcək tədqiqatlarda məlum olacaq. Divarların bəzilərinin Erkən tunc dövrünə aid olması ehtimal edilir.