Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması, ölkəmizin inkişaf relslərinə keçirilməsi Ulu Öndərin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı, əhalinin rifahının yüksəlməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən illər ərzində Prezident İlham Əliyev Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.
Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərinin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.
Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi, ən əsası isə QALİB ÖLKƏNİN vətəndaşı statusunu qazandı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi səlahiyyətlərinin icrasına yenicə başladığı dövrdə jurnalistlərə verdiyi ilk müsahibəsində bildirmişdir: “Artıq Azərbaycanda ölkəmizi inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr çıxır”.
Müasir Azərbaycanın qarşısında dayanan yeni vəzifələrin həyata keçirilməsində MÖHTƏRƏM PREZİDENTİMİZƏ davamlı uğurlar arzu edirik!!!
Azər Əmiraslanov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri