Müvəqqəti hökumət çərçivəsində fəaliyyət göstərən Suriya Daxili İşlər Nazirliyi (DİN) devrilmiş prezident Bəşər Əsəd rejiminin üzvlərini silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS Suriya DİN-ə istinadən məlumat yayıb.
"Ölkənin bütün ərazisində təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində davam edən səylər çərçivəsində biz keçmiş rejim üzvlərini və ya müxtəlif bölgələrdə devrilmiş rejimdən qalan silahları aşkar edən vətəndaşları bu silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırırıq", - nazirlik bildirib.
Müvəqqəti hökumətdə daxili işlər naziri Məhəmməd Əbdül Rəhmanın sözlərinə görə, hakimiyyət silahların təhvil verilməsi üçün müddət müəyyən edib: "Əgər göstərilən müddət bitənədək silahlar hakimiyyətə təhvil verilməzsə, səlahiyyətli orqanlar onu saxlayanlara qarşı hüquqi məhdudlaşdırıcı tədbirlər görəcək".
Nazir hökumətin addımlarının milli təhlükəsizliyin möhkəmləndirilməsi və vətəndaşların təhlükəsizliyinin, eləcə də dövlət və özəl mülkiyyətin qorunması çərçivəsində atıldığını vurğulayıb.
O, vətəndaşları hüquqi məsuliyyətə cəlb olunmamaq üçün hakimiyyətin göstəriş və təlimatlarına riayət etməyə çağırıb.