24 dekabr 2024-cü ildə Bakı Fond Birjasında "ABB” ASC-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Daha öncə Bakı Fond Birjasının “Premium” bazar seqmentində listinqə daxil edilmiş bu qiymətli kağızların ümumi həcmi 100 milyon manat təşkil edir.
İstiqrazların emissiyası rəqabətli hərrac üsulu ilə həyata keçirilib. Təklif olunan istiqrazların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 2 il təşkil edir. İstiqrazlar investorlara illik 11% gəlirlilik təmin edəcək. Bu istiqrazlar üzrə faiz ödənişləri hər 3 (üç) təqvim ayından bir həyata keçiriləcək. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü tamamlanacaq.
Bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, ortamüddətli maliyyələşmənin təmin olunması, eləcə də ölkəmizin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədilə həyata keçirilib.