AZ

Qərbi Azərbaycanın abidələri: erməniləşdirilmiş Mamu Xatun monastırı

Qərbi Azərbaycanın (indiki Ermənistan) Alagöz (Ələyəz) rayonunun Teqer (Teğer) kəndində dəniz səviyyəsindən 1650-1700 metr yüksəklikdə yerləşən bu monastır XII-XIII əsrlərdə tikilib. Mənbələrə görə, monastır Alagöz dağının cənub-şərq yamacında yerləşir və Saltukoğulları bəyliyinin hökmdarı Mamu Xatun tərəfindən inşa etdirilib. Mamu Xatun xristian dininə qulluq edən bir xanım olub və Anadoludakı Saltukoğlu bəyliklərindən II İzzəddin Saltukun qızı idi. 1191-1200-cü illərdə Mamu Xatun qardaşı Nəsirəddin Məhəmməddən sonra Saltukoğulları bəyliyinə rəhbərlik edib. Güclü və nüfuzlu bir qadın olan Mamu Xatun İslamı qəbul etdikdən sonra da öz mövqeyini qoruyub. Ərəb mənbələrində o, “Ərzurumun sahibəsi” kimi qeyd olunur.

Bu fikirlər AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitunun əməkdaşı Faiq İsmayılovun “Qərbi Azərbaycanın abidələri: erməniləşdirilmiş Mamu Xatun monastırı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Mamu Xatun hakimiyyəti dövründə Tərcan şəhərində karvansara, məscid, körpü, türbə və hamamdan ibarət kompleks tikdirib, həmçinin Alagöz rayonunun Teqer kəndində kilsə inşa etdirib. Mamu Xatunun tikdirdiyi bütün binaların memarı Axlatdan olan, lakin adı məlum olmayan bir ustadır. Axlatlı memarın Anadoluda və digər İslam bölgələrində tikdiyi bütün abidələr bir-birindən fərqli plana və özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olub. Lakin Axlatlı memarın Teqer kəndində inşa etdiyi kilsə haqqında məlumatlar erməni mənbələrində təhrif olunmuş formada verilib. Məsələn, erməni mənbələrində iddia olunur ki, monastır guya tarixə məlum olmayan bir erməni knyazının arvadı Mamu Xatun tərəfindən tikilib. Eyni mənbələrdə memarın “Axbayrik” adlandırılması isə erməni yalanlarından biridir.

Bu monastır orta əsr alban memarlığı üslubunda tikilmiş unikal tipli binalardan biridir. Monastır kilsəsinin kompozisiya planı xaç formasındadır. Abidə yerli boz rəngli bazalt daşlar və əhəng məhlulu ilə inşa edilib. Kilsə dörd sütunlu və çoxtərəfli quruluşu ilə seçilir. Damın şimal-qərb və cənub-qərb künclərində kapellaya bənzər kiçik kilsələr tikilib.

Erməni mənbələrində qeyd olunur ki, 1468-ci ildə guya arximandrit Sargis Berikantsi monastırın ətrafında mühafizə divarları inşa etdirib. Lakin bu məlumatın doğruluğu şübhəlidir. Yalnız bir fakt dəqiqdir ki, 1950-1952-ci illərdə kilsənin günbəzləri və ibadətgahları ermənilər tərəfindən yenidən qurulub, damı tuf kirəmidlərlə örtülərək orijinal forması dəyişdirilib. 1975-1976-cı illərdə kilsənin divarlarının yuxarı hissəsi və vestibül təmir olunub, divarlarına erməni dilində yazılar əlavə edilib.

Bu möhtəşəm monastırın ideya müəllifi olan türk xanımın nə hakimiyyət dövrü, nə də hakimiyyətdən sonrakı taleyi haqqında məlumatlar kifayət qədər deyil. Bu, Mamu Xatunun tikdirdiyi monastırın taleyi kimi müəmma olaraq qalır. Mənbələrdən məlumdur ki, Mamu Xatun qardaşı oğlanları ilə hakimiyyət uğrunda mübarizə aparıb. Ərəb tarixçiləri İbn Vasil və İmadəddin əl-İsfahani Mamu Xatunu “Ardzn-Rum hökmdarı” və “əl-məlik” adlandırıb, lakin onun hakimiyyəti dövründə baş verən hadisələr haqqında geniş məlumat verməyiblər.

Seçilən
22
xalqqazeti.az

1Mənbələr