Məhərrəm Zülfüqarlı: "Rayonlarımızın işğalından sonra BMT TŞ-nin qəbul etdiyi məşhur dörd qətnamədə də Ermənistan işğalçı dövlət kimi göstərilməyib"
Ermənistanın baş naziri Nikol Paşinyan zaman-zaman özünə, komandasına və cəmiyyətə təskinlik vermək üçün deyir ki, guya Ermənistanın Qarabağı Azərbaycana qaytarmaq fikri əvvəllər də olub, sadəcə, əvvəlki rəhbərlərin buna cəsarəti çatmayıb, amma baş nazir bunu edib.
İqtidar bəlkə də buna erməni cəmiyyətinin 44 günlük müharibədə sındırılmış ruhunu bərpa etməyin bir yolu kimi baxır. Ona görə də bu ideya müxtəlif formada təkrarlanır, artıq bunun təbliğatçıları da peyda olub. Bu günlərdə baş nazir yenə həmin mövzuya qayıdib.
1994-cü ildən, yəni atəşkəsdən sonra Dağlıq Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi aparılıb. Danışıqlar prosesinin başqa məzmunu yox idi. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.
Doğrudanmı indiki vəziyyətin yaranmaında əsas rolu Ermənistan hakimiyyətinin iradəsi oynayib? Elə isə 44 günlük müharibəyə nə ehtiyac var idi?
Baki-xeber.com saytına məsələni şərh edən professor Məhərrəm Zülfüqarlı bildirdi ki, Paşinyanın bu açıqlaması məğlub dövlətin rəhbərinin mövqeyidir, əslində isə həqiqət bir qədər fərqlidir: "1994-cü ilin may ayında imzalanan Bişkek protokoluna Rusiyanın bilavasitə təzyiqi ilə Azərbaycan, Rusiya və "Dağlıq Qarabağ Respublikası" imza atmalı idi. Amma Bişkekdə Afiyəddin Cəlilov buna etiraz etdi ki, biz bu qondarma qurumu tərəf kimi tanıya bilmərik. Biz daim deyirdik ki, ərazilərimizi Ermənistan işğal edib, ona gorə də biz onunla danışıqlar aparmalıyıq. Ermənistan və Rusiya isə bizi daima "DQR" ilə danışıqlar aparmağa sürükləyirdi.
Bir məsələni də qeyd edim ki, rayonlarımızın işğalından sonra BMT TŞ-nin qəbul etdiyi məşhur dörd qətnamədə də Ermənistan işğalçı dövlət kimi göstərilməyib. Qətnamələrdə göstərilirdi ki, guya ərazilərimizi qondarma Dağlıq Qarabağ Respublikası işğal edib, biz onlarla danışıq aparmalıyıq. Ermənistana da tövsiyə edilirdi ki, bu istiqamətdə "DQR"-ya təsir eləsin. Bu sənədlə BMT TŞ-nin üzvləri Azərbaycana qarşı riakarlıq etmişdilər. Yəni onlar da bizi bu seperatçı və qondarma qurumu tərəf kimi tanımağa sürükləyirdi. 1993-94-cu illərdə bu proses gedirdi.
Azərbaycana isə "Əsrin Müqaviləsini" bağlamaq üçün atəşkəs rejimi vacib idi. Çünki müharibə aparan ölkə ilə heç kim bu cür böyük müqaviləni imzalamazdı. Ona görə də Bişkek protokolundan sonra Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ qondarma qurumun müdafiə nazirlərinin imza atdıği sənədlə 12 may 1994-cü il tarixdə atəşkəsə nail olundu. Sentiyabr ayında isə "Əsrin Müqaviləsi" imzalandı.
Rusiya bu müqavilənin bağlanmasının əleyhinə idi. Ona görə də həmin ilin oktyabr ayında Surət Hüseynovun ikinci qiyamı baş verdi. Daha sonra - dekabr ayında Rusiya Çeçenistan müharibəsini bəhanə edərək Azərbaycanla quru sərhədlərini bağladı. Bu da bizə milyardkarla ziyan vurdu.
Yəni bu proseslər onu göstərir ki, bəhs edilən dövrdə əsəs məsələ Dağlıq Qarabağ qondarma qurumunun Azərbaycan tərəfindən bir dövlətçilik subyekti kimi tanıtdırılması idi. Azərbaycan bu səhvi etsəydi bundan sonra Rusiya və Ermənistan, o cümlədən də onlara yaxın ölkələr bu qondarma qurumu tanıyacaqdılar. Lakin bütün mərhələlərdə Azərbaycan bu tələyə düşmədi.
Sonrakı dövürlərdə, məsələn, 1999-cu il İstanbul sammiti ərəfəsində Amerikanın vasitəçiliyi ilə ərazi mübadiləsi ideyasi var idi. Yəni Laçin dəhlizi ilə Qarabağ Ermənistana birləşdirilirdi, Zəngəzur dəhlizi ilə isə Naxçıvanın ölkənin qərb bölgəsi ilə quru sərhəddi yaranırdı. Həmin vaxt tərəflər razılaşmaya yaxın idi. Amna Rusiyayönümlü qüvvələr Ermənistan parlamentinə hücum etdi, ölkənin rəhbərlərini öldürdü və bununla da danışıqlar prosesi pozuldu. Bununla Rusiya Amerikaya bildirdi ki, regionun söz sahibi mənəm və prosesləri də mən tənzimləməliyəm. Bundan sonrakı mərhələdə Ermənistan çalışırdı ki, "Dağlıq Qarabağa" Rusiyanın köməyi ilə status verilsin. Lakin Azərbaycan məsələni belə qoyurdu ki, ermənilər Dağlıq Qarabağa iddia edirlərsə, birinci mərhələdə ətraf rayonlari tərk etməlidirlər. Növbəti mərhələdə isə Dağlıq Qarabağın statusu məsələsi həll edilməlidir. Bunu biz qəbul edirdik, amma ermənilər razı olmadı. Onlar deyirdi ki, ətraf rayonlar azad edilsə status-kvo dəyişə, buna uyğun Azərbaycanın tələbləri də dəyişə bilər. Bu səbəbdən də ermənilər məsələnin paket həllini təklif edirdilər. Bunun mahiyyəti isə ondan ibarət idi ki, eyni zamanda işğal edilmiş ərazilər azad edilir və DQ qondarma qurumuna status verilir. Buna da biz razı olmurduq. Proseslər beləcə uzanırdı.
Ermənilər o qədər azğınlaşdı ki, yeni ərazilərə iddia etməyə başladılar. Bu isə Azərbaycanın torpaqlarını müharibə yolu ilə azad etməyə qərar verməsinə səbəb oldu. 44 günlük müharibə zamanı məlum oldu ki, ermənilər hec ətraf rayonları da qaytarmaq fikrində deyilmiş. Onlar ətraf rayonları bufer zona kimi minalayıblar.
İndi Azərbaycan öz ordusunun gücu ilə torpaqları azad etdikdən sonra baş nazir Paşinyan belə nağıllar danışır ki, guya 1994-cü ildən bəri Dağlıq Qarabağın Azərbaycana qaytarılması müzakirə edilirmiş. Ermənistan tərəfi heç vaxt bu mövzunu müzakirə etməyib və onların əsas məqsədi 'DQ"-ya status almaq olub. Prezident isə 44 günlük müharibədən sonra dedi ki, "status məsələsi gorbagor oldu".
İndi isə Paşinyan yalan deyir ki, onlar danışıqlarda Azərbaycan tərəfinin haqqını tanıyıblar. Paşınyan unudur ki, Şuşada yalli gedib demişdi ki, "Qarabag Ermənistandır, nöqtə". Azərbaycan Prezidenti də buna cavab olaraq dedi: "Qarabag Azərbaycandır, nida!"
Bütün bunlar onu göstərir ki, ermənilər 44 günlük müharibəyə qədər Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməyiblər.
Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağın ona məxsus olmasını konstitusiyasına da salıbsa, deməli, bu dövlət təcavüzkardır.
İndi ermənilərin özlərini demokrat, sülhpərvər və s. kimi göstərməsinin səbəbi Azərbaycanın 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatında qazandığı qələbənin təsiridir. Hər bir dövlət öz problemini özü həll etməli, sonra isə şərtlərini diqtə etməlidir. Azərbaycan əsas problemlərini öz gücünə həll edib, indi isə məğlub tərəf onun diqtəsini qəbul etmək məcburiyyətindədir".
Dəniz NƏSİRLİ