AZ

Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir- səbəblər...

Image

Son aylar Azərbaycanın maliyyə bazarında illik faiz dərəcələrinin artması müşahidə olunur. 

Qısamüddətli əmanətlərin illik gəlirliliyi milli valyutada 11-12 %-ə, xarici valyutada isə 2-2,5 %-ə yüksəlib. Maraqlıdır, faizlər niyə artır və nə vəd edir? 

Xalid Kərimli: "Azərbaycanın maliyyə bazarında faizlərin artması xarici və daxili amillərin birgə təsiri nəticəsində baş verir"

Maliyyə bazarı üzrə ekspert Xalid Kərimli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, AMB ötən ilin dekabrında məcburi ehtiyat normalarını əhəmiyyətli dərəcədə artırdı: "Əvvəl bu göstərici 5 % idi, lakin indi məcburi ehtiyat norması öhdəliklər üzrə 25 %-ə qədər yüksəlib. Bu, bankların cəlb etdiyi vəsaitlərin böyük hissəsinin tənzimləyici qurumda saxlanılmasını tələb edir və daha yüksək faizlə əlavə vəsait cəlb edilməsinə gətirib çıxarır. Bu qərarın arxasında əsas məqsəd maliyyə sabitliyini təmin etməkdir".

Ekspertin fikrincə, Azərbaycanın maliyyə bazarında faizlərin artması xarici və daxili amillərin birgə təsiri nəticəsində baş verir, bazarda yeni imkanlar və çətinliklər yaradır. Qısamüddətli dövrdə faizlərin yüksək qalması gözlənilsə də, uzunmüddətli dövrdə bazarın sabitləşməsi ehtimalı müsbət qiymətləndirilir. Azərbaycanın maliyyə sektorunun daha rəqabətli və dayanıqlı olması üçün strateji addımların atılması davam edir: "Faiz əmanətçilər üçün milli valyutada əmanətləri daha cəlbedici edir, lakin kredit götürənlər üçün borclanma xərclərini artıraraq istehlak və biznes mühitinə mənfi təsir göstərir. Eyni zamanda, yüksək gəlirlilik təklif edən istiqrazlar investorları cəlb edərək bazarda yeni imkanlar təqdim edir".

Əkrəm Həsənov: "Kreditlər üzrə problemlər çox olarsa faiz də artır"

Bank sahəsi üzrə digər ekspert Əkrəm Həsənov "Bakı - Xəbər"-ə açıqlamasında  bildirdi ki, faiz dərəcəsi kredit risqini göstərən bir amildir: "Kredit risqi verilən pulun gec qaytarılma ehtimalıdır. Kreditlər üzrə problemlər çox olarsa faiz də artır. Azərbaycanda da kreditlər üzrə risqlər günü-gündən artır. Çünki insanların və sahibkarların maddi vəziyyəti pisləşir. Bununla yanaşı, əmanətlər üzrə faiz dərəcələri də artır. Bankların pula ehtiyacı daha çoxdur. Bu kimi hallar onu göstərir ki, gələcəkdə ölkədə kredit daha da bahalaşacaq".

Günel CƏLİLOVA





Seçilən
9
baki-xeber.com

1Mənbələr