Elektrik təyyarələri sənayesinin qabaqcıl şirkətlərindən olan və birjalara daxil olmadan əvvəl 1 milyard dollardan çox maliyyə toplayan "Lilium" fəaliyyətini dayandırıb və təxminən 1.000 işçini işdən çıxarıb. Şirkət maliyyə tapmaq və müflisləşmədən çıxmaq cəhdlərində uğursuz olub.
Valyuta.Az "TechCrunch"a istinadən xəbər verir ki, işdən çıxarılmalar barədə ilk xəbəri Almaniyanın "Gründerszene" nəşri yayıb. Şirkətin həmtəsisçisi və baş direktoru Patrik Naten (Patrick Nathen) "LinkedIn"də 10 illik fəaliyyətə son qoyulduğunu təsdiqləyib.
“10 il 10 ay sonra təəssüflə qeyd etməliyəm ki, "Lilium" fəaliyyətini dayandırıb. Mən, Daniel, Sebastian və Mattiasın birgə qurduğu bu şirkət ekoloji cəhətdən daha dost aviasiyaya inamımızı davam etdirə bilmir. Bu, ürəkağrıdıcıdır və vaxtı olduqca ironik hiss olunur,” - Naten yazıb.
Bildirilir ki, işdən çıxarılmalar şirkət işçilərinin böyük hissəsini əhatə edib və dekabrın 16-da təxminən 200 nəfərin işdən çıxarılmasından bir neçə gün sonra baş verib.
"Lilium"dan məsələ ilə bağlı açıqlama istənilsə də, şirkət konkret məlumat təqdim etməyib. Şirkətin nümayəndəsi yalnız, "Nəsə deyə biləcəyimiz zaman açıqlama verəcəyik," - deyə bildirib.
100 km/saat sürətə malik şaquli qalxma və enmə ("VTOL") təyyarələri hazırlayan "Lilium" aylardır çətinliklərlə mübarizə aparırdı. Şirkətin elektrik təyyarələri ilə bağlı vizyonu "Tencent" kimi investorları cəlb etmiş və Səudiyyə Ərəbistanından 100 elektrik təyyarəsi üçün sifariş daxil olmaqla müştərilər qazanmışdı. 2021-ci ildə şirkət, "SPAC Qell" adlı çek şirkəti ilə birləşərək "Nasdaq" birjasına daxil olmuşdu.
Buna baxmayaraq, bəzi irəliləyişlər, o cümlədən tam miqyaslı prototipin enerji ilə təchizatı həyata keçirilsə də, şirkət məhsulunu təqdim etməyə hələ illərlə uzaq idi.
Oktyabr ayında "Lilium" Almaniya hökumətindən təcili maliyyə cəlb edə bilmədikdən sonra müflisləşmə üçün müraciət edəcəyini açıqlamışdı. Müflisləşmə prosesi çərçivəsində "Lilium", "Lilium eAircraft" da daxil olmaqla, törəmə şirkətlərinə nəzarəti itirmişdi. Satış prosesi "KPMG" tərəfindən idarə olunurdu.
Rəhim