Prezident İlham Əliyevin 21 illik hakimiyyəti dövründə hərbi sahədə çox ciddi dəyişikliklər baş verib. Eyni zamanda müasir silah-sursatlarla təmin edilmiş və milli kadr potensialına malik döyüşkən ordunun yaradılmasının şahidi olmuşuq.
Paralel olaraq, hüquq-mühafizə orqanlarında, xidmət orqanlarında apardığı islahatlar mühüm məsələdir və 44 Günlük Vətən Müharibəsində də biz bu əldə olunmuş zəfərlə bağlı Ali baş Komandanın apardığı siyasətə, eyni zamanda onun qətiyyəti, şəhadəti şərəf sayan Azərbaycan valideyni və rəşadətli Azərbaycan ordusunun vəhdətinin təzahürü kimi gördük.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Millət vəkili qeyd edib ki, cənab prezidentin siyasətində suverenlik, ərazi bütövlüyü və hər bir Azərbaycan vətəndaşının rifahı ən vacib istiqamətdir. İkinci Qarabağ Müharibəsi və antiterror əməliyyatları arxada qalsa da, bütün dünyada gedən proseslər, yeni münaqişə ocaqları, müharibələr, gərginliyin artması, Ermənistanın revanşist meyilləri bir daha Azərbaycan Prezidentinin bu sahədə apardığı islahatların necə vacib olduğunu göstərir.
"Bu gün Ermənistanla 1000 km sərhəddimiz olan ərazinin 500 km-i çox mürəkkəb relyefli ərazidən keçir. 20 km-dən az delimitasiya və demarkasiya məsələsi həyata keçirilib. Sərhəddin möhkəmləndirilməsi, müasir istehkam qurğularının qurulması çox mühüm məsələdir və bu istiqamətdə addımlar atılır. Yüksəklikdə hərbi xidmət keçmək üçün yeni komando tipli növlərin, hərbi birləşmələrin yaradılması zəruridir və bununla bağlı xüsusi addımlar atılır. Xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ən müasir texnika və texnologiyalarla təmin edilməsi prosesi davam etdirilir.
Müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,5 milyard manatdan çox olması çox mühüm addım olması ilə yanaşı, xərclərin əsas istiqamətlərinin təbii ki, müdafiə qüvvələri, kredit təhlükəsizliyi, sərhəd xidməti, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər məsələlər və Azərbaycanda ən mühüm istiqamət hərbi sənayemizin inkişafıdır. Bütün bu proseslər məhz cənab prezidentin birbaşa apardığı göstərişləri ilə həyata keçir.
Digər müsahibimiz politoloq Tural İsmayılov bildirib ki, Prezident İlham Əliyev öz liderlik keyfiyyətlərinə görə təkcə Azərbaycan və Türk dünyası üçün deyil, həmçinin dünya üçün siyasi liderlərdən biridir. Məhz cənab prezidentin prezidentliyi dövründə Azərbaycan dünya xalqlarını narahat edən bir sıra qlobal problemlərin həllində aparıcı ölkələrdən biri olub və İlham Əliyevin səyləri nəticəsində Azərbaycan kasıb xalqların, diqqətdən kənarda qalan kiçik ada dövlətlərinin, pandemiya dövründə vaksin milliyətçiliyinə məruz qalan uzaq coğrafiya xalqlarının taleyinə müsbət mənada toxunuşlar etdi.
Tural İsmayılov qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, ondan sonrakı dövrdə keçirdiyi vacib beynəlxalq tədbirlər, son olaraq COP29-a ev sahibliyi və digər bütün faktorlarla Azərbaycan bu gün dünyanın əsas müzakirə platformalarından biri halına gəlib ki, heç şübhəsiz bu prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində mümkün olub. Eyni zamanda biz hər zaman xüsusi diqqət etməliyik ki, Azərbaycan çox həssas coğrafiyada yerləşir və ölkəmizin yerləşdiyi geopolitik mövqelər, həmçinin ətrafımızda baş verən hadisələr dövlətçilik kultunun nə qədər vacib və önəmli olduğunu göstərir. Məhz prezident İlham Əliyevin səyləri, liderliyi, qətiyyəti nəticəsində Azərbaycan həm regionda, həm də regiondan kənarda baş verən kataklizmlərdən məharətlə yayına bilib.
“Eyni zamanda bütün bu dövrlər ərzində Azərbaycan məhz prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində böyük ordu quruculuğu prosesi həyata keçirib və ən çətin, pandemiyanın yüksək həddə çatdığı dövrdə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi ki, bu da prezident İlham Əliyevin siyasi liderliyinin göstəricilərindən biridir. Məhz prezident İlham Əliyevin siyasi gücü nəticəsində Azərbaycan separatçılığa son qoymuş oldu”, - deyə politoloq vurğulayıb.
Aminə Nəzərova