Bu gün, 24 dekabr tarixində "İRS" silsiləsi çərçivəsində 2024-cü il ərzində nəşr edilən kitabların təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
"İRS" jurnalının baş redaktoru Musa Mərcanlı tədbiri açıq elan edərək bildirib ki, bu günə özəl yeni 5 kitab var: "Əsas təqdim etdiyimiz kitab "Qarabağ: yeni sətirlər" adlanır. Bu, əvvəlki "Qarabağ, dirçəliş, başlanğıc" kitabının davamıdır. İkinci hissəsi Qarabağ və Şərqi Zəngəzurda tikinti, quruculuq işləri, məcburi köçkünlərin geri qayıdışı, orada aparılan yenidənqurma işləri ilə bağlıdır. Kitab Azərbaycan, Rus və İngilis dillərində nəşr olunub. Bundan əlavə COP29-la bağlı 7 dildə kitab nəşr etmişik. O kitabların da hamısı COP29 tədbirində Azərbaycan Respublikası adından təqdim olunmuşdur".
Baş redaktor əlavə edib ki, bu il miniatür kitabının ikinci hissəsi nəşr edilib: "Əvvəllər nəşr etdiyimiz "Şuşa" kitabının ərəb dilində nəşrini də təqdim edirik. Bunun ilk təqdimatı COP-da İSESCO-nun baş katibi və mədəniyyət, incəsənət xadimlərinin iştirakı ilə baş tutmuşdur. Bu, böyük hadisədir ki, ərəb dünyası Azərbaycanla bağlı informasiyanı öz dillərində oxuyacaqlar. Bundan əlavə Şuşanın İslam mədəniyyətinin paytaxtı kimi ərəb ölkələrində daha yaxşı tanınmasına ehtiyac var. Bundan başqa "Şirvanşahların 100 illiyi" kitabı da türk dilində nəşr olunub, Türkiyənin mərkəzi kitabxanasında təqdimatı olub. O kitab da bu il nəşr etdiyimiz kitablar siyahısına daxil olub. "İRS" nəşriyyat evinin buraxdığı 30-dan çox kitabın nümunələri də burada düzülüb.
Əsas məqsəd Azərbaycan mədəniyyətini, həqiqətlərini dünyada tanıtmaqdır. Ona görə bizim kitablar bir neçə dildə nəşr olunub".
Qonaqlar üçün canlı "Qarabağ" muğamı səsləndirilib.
Təqdimatı keçirilən hər bir kitab qonaqlar tərəfindən maraqla qarşılanıb.