Azərbaycanda müəllimlər üçün gələn ildən etibarən bir çox güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub. Bəzi müəllimlərə xüsusi güzəştli təhsil kartları təqdim olunacaq. Təhsildə fərqlənən müəllimlər əldə etdikləri xüsusi kartlar vasitəsilə bir çox güzəştlər əldə edəcəklər.
Mövzu ilə bağlı Elmin Nuri İNFOAZ.WS-ə açıqlamasında Azərbaycanda müəllimlər üçün stimullaşdırıcı addım olaraq təhsil kartlarının hazırlanmasının çox müsbət addım olduğunu vurğulayıb.
“Təhsilin İnkişafı Fondu tərəfindən həyata keçiriləcək bu layihə ölkə üzrə bütün müəllimləri əhatə etməklə yanaşı, onlara sosial dəstək xarakteri də daşıyacaq. Bizdə olan məlumata əsasən, adıçəkilən kartlar artıq sifariş edilib və gələn ilin əvvəlindən müəllimlərə təqdim olunmasına başlanacaq. Müsbət detallardan biri də kartların təhsildə fərqlənənlə-fərqlənməyən kateqoriyalarına bölünmüş şəxslərə deyil, bütün müəllimlərə verilməsidir”.
Ekspert qeyd edib ki, bu amil müəllimlər arasında müəyyən rəqabətlilik yarada bilərdi, amma burada bir çox neqativ halların, qeyri-şəffaflıqların şahidi ola bilərik:
“Nə yaxşı ki, təşkilatçılar tərəfindən bu mexanizm tətbiq olunmadı. Müəllimləri sağlam rəqabətə, peşəkar inkişaf modullarına başqa formalarda da təşviq edə bilərik. Amma sırf bu məsələdə buna ehtiyac görmürəm”.
Bəs bu proses necə icra olunacaq?
Elmin bəyin sözlərinə görə, dünya təcrübəsində belə bir qayda var ki, bu tipli paketlərin, kartların müəyyən bir donorlarla razılaşma mexanizmləri olur. Məsələn, kartlarla bağlı sorğular göndərilir, müəyyən müqavilələr imzalanır. Həmin müqavilələri imzalayan obyektlər xüsusi təhsil kartı siyahısına daxil edilir. Onlarda tətbiq edilən güzəştlərdən kart sahibləri yararlana bilir. Burada kart sahibi müəllim, yaxud məktəbin istənilən texniki işçisi ola bilər.
“Təhsil kartındakı mexanizm elədir ki, onun rentabelliliyi buradakı endirim və güzəştlər paketinə qoşulan obyektlərin sayı və keyfiyyətindən asılı olacaq. Bu isə standart deyil. Onlar getdikcə arta da bilər. Birinci ili kart 10 yerdə keçərlidirsə, getdikcə layihə rəhbərinin xüsusi müdaxiləsindən sonra genişləndirilir və kartı dəstəkləyən, onu özünün güzəşt paketini tətbiq edən qurumların sayı da arta bilir. Amma bu ümumilikdə 4-5 istiqamətdən o yana keçmir”.
Həmçinin bildirib ki, burada əsasən mədəni obyektlər rol oynayır: “Bu sərgi salonları, kino, teatr, muzeyləri ziyarət zamanı endirimli istifadə oluna bilir. Geyim mağazaları da ola bilər. Baxır hansı mağazalar buna razılıq verəcək. Restoranlar da şəbəkəsi və nəqliyyat sistemində də ola bilər. Bizə də maraqlıdır ki, bu paketi təsdiqləyən qurumların sayı nə qədər və keyfiyyəti necə olacaq. Vahid tələbə kartı ilə bağlı dəqiq bilmirik ki, onu dəstəkləyən neçə qurum var və onların endirimləri neçə faizdir”.
Fatimə Məmmədova