“Beşiktaş” Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda qarşılaşacağı “Tvente” ilə matçın Enshede şəhərində keçirilməsini istəmir.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Türkiyə klubu artıq bu oyunun başqa şəhərdə keçirilməsi üçün UEFA-ya müraciət də ünvanlayıb. Klub rəhbərliyinin Avropa futbol qurumuna müraciətinə səbəb görüşün keçiriləcəyi Enshede şəhərinin meri Roelof Blekerin türkiyəli azarkeşlərin yüksək təhlükəsizlik riskinə görə stadiona buraxılmayacağı barədə açıqlaması olub. Türkiyə klubu buna qarşılıq olaraq Enshededə oynamaq istəmədiklərini bildirib.
Qeyd edək ki, “Tvente” – “Beşiktaş” görüşü 2025-ci il yanvarın 30-da Niderlandda keçirilməlidir. UEFA-nın bu matçla bağlı yekun qərarının necə olacağı maraq doğurur.
Xatırladaq ki, “Tvente” Avroliqanın Liqa mərhələsində 6 oyuna 4 xal toplayıb və 30-cu pillədə qərarlaşıb. “Qara qartallar” isə 6 xalla 28-cidir.