Müasir dövrdə uşaqların telefondan istifadəsi adiləşdiyi kimi sosial şəbəkələrdən istifadəsi də kütləviləşib. Son dövrlər ən populyar sosial plaforma “Tiktok”dur. Əsasən də bizim cəmiyyətimizin bu platforma ilə ulduzu barışmır. Çünki insanlar düşünür ki, belə platformalar cəmiyyətin dəyərlərinə xələl gətirir.
Maraqlısı budur ki, xarici ölkələrdə “Tiktok” kimi şəbəkələri uşaqların yaradıcılığında mühüm rol oynadığını, sosial bacarıqların, qlobal mədəniyyətin formalaşmasına kömək etdiyi deyilir.
Bəs Azərbaycanda “Tiktok” uşaqlara necə təsir edir?
Psixoloq Gülnar Orucova Bizim.Media-ya bu barədə danışıb.
“Sosial şəbəkələrdən istifadə bizdə ifrat dərəcəsindədir. Ona görə, biz daha çox fəsadlarını, zərərlərini görürük. Valideynlər uşaqları sakit olsun deyə əlinə telefon verirlər. Amma nəzarət etmirlər ki, uşaq telefonda nəyə baxır, hansı sosial şəbəkədədi, bunlara nəzarət etmək lazımdır.
Ümumiyyətlə, sosial şəbəkə uşaqlara çox pis təsir edir. Insanlar gördüklərini analiz eləmirlər ki, bu doğrudur, yoxsa yanlışdır. Gördüklərini birbaşa reallaşdırırlar. Uşaqlar müəyyən bir kütləni izləyirlər və bu heç də hər zaman yaxşı kütlə olmur. Deməzdim ki, “Tiktok”da hər kəs pis təbliğat aparır. Bəzən deyirlər ki, tiktok insanları pozdu. Amma bu düşüncə yanlışdır. Hər kütlə, insan, ailə özünə məxsus videoları izləyir”.
“Valideynlər uşaqlarla vaxt keçirmir”
Psixoloq uşaqların “Tiktok”a aludə olmasının əsas səbəbini də valideynlərin diqqətsizliyi ilə əlaqələndirir:
“Tiktok”dan qeydiyyatdan keçərkən yaşla bağlı sual gəlir, uşaqlar da avtomatik olaraq 18 yaşının olduğunu qeyd edir və ora başqa bir təvəllüdlə daxil olur. Bu gün ən pis cəhətimiz odur ki, valideyn olaraq uşağımızı daha çox yayındırırıq. Yəni nəyisə izah etmək yerinə onu başımızdan edirik. “Tiktok”da yayımlanan canlılar uşaqların tərbiyyəsini mənfi təsir göstərə bilər, çünki orada qeyri-etik ifadələr və davranışlar yer alır. Bu cür platformalar uşaqların dünyagörüşünün formalaşmasına birbaşa təsir edir”.
Nuray, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta