Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Həmkarlar İttifaqları minimum əmək haqqının 2025-ci ildən 30 faiz artırılaraq 22 104 lirəyə (indiki məzənnə ilə 628 dollar) çatdırılması barədə razılığa gəliblər.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar dekabrın əvvəlində mövzunun müzakirəsinə başlayan minimum əmək haqqının müəyyən edilməsi üzrə komissiyanın dünən keçirilən dördüncü iclası zamanı qəbul edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X-də minimum əmək haqqının artırılması qərarını təsdiqləyib: "2025-ci ildə minimum əmək haqqı 30 faiz artımla xalis 22 min 104 türk lirəsi olacaq. Ölkəmizə və millətimizə xeyirli olsun".
Son aylarda yüksək inflyasiya şəraitində minimum əmək haqqının artırılması Türkiyə cəmiyyətində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Ötən aylar ərzində fəal qruplar, ictimai təşkilatlar və müxtəlif həmkarlar ittifaqları minimum əməkhaqqının artırılması ilə bağlı rəsmi orqanlara çoxsaylı sorğu və tələblər ünvanlayıb, bununla bağlı piketlər, toplantılar, məsləhətləşmələr təşkil ediblər.
Musavat.com