AZ

İşğaldan azad edilmiş ərazilərə növbəti ildə 100 milyon manatdan artıq yardım ayrılması nəzərdə tutulur

Bakı, 25 dekabr, AZƏRTAC

Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri və prioritetləri Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamətlərə uyğun olaraq qurulub. 2024-cü ildə həyata keçirilmiş layihələr və 2025-ci il üçün nəzərdə tutulan fəaliyyətlər arasında Qarabağda həyata keçirilən infrastruktur və mədəni irs layihələri, eləcə də sosial-iqtisadi təşəbbüslər xüsusi yer tutacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində yeni əməkdaşlıqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında söyləyib.

R.Hacıyev bildirib ki, işğaldan azad edilmiş ərazilərə Fondun növbəti il üçün təsdiq olunmuş büdcəsinə əsasən, 100 milyon manatdan artıq əvəzsiz yardım ayrılması nəzərdə tutulur: “Bundan əlavə, Qarabağda yaşıl enerji layihələri və turizm potensialının inkişafı da diqqət mərkəzindədir. Xüsusi qeyd edilməlidir ki, Şuşa və Ağdam şəhərlərində tarixi irsin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Şuşada karvansarayların bərpası və Ağdamdakı İmarət Xan sarayı kompleksinin yenidən qurulması Fondun Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi əsas layihələrdəndir. Həmçinin Şahbulaq qalasının bərpası və ətrafında turizm infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir”.

Seçilən
9
1
azertag.az

2Mənbələr