Ayda yaşayış binası tikəcəklər
Yaponlar Ayda süni cazibə qüvvəsi vasitəsilə duracaq unikal bir yaşayış binası tikmək istəyirlər.
Reyting.az xəbər verir ki, Kyoto Universitetinin alimləri və "Kajima Corp" şirkətinin əməkdaşları Ay səthində tədqiqatlar zamanı istifadə edilmək üçün, süni cazibə qüvvəsinin köməyi sayəsində prototip yaşayış kompleksinin yaratmaq niyyətində olduqlarını bildiriblər.
Məlumata görə, bu layihə "Neo Lunar Glass" adlanır və reallaşacağı təqdirdə parabolik dizayn ancaq fırlanma hərəkəti sayəsində cazibə qüvvəsi yaradacaq.
Yaponiyanın "Kyodo News" nəşri yazır ki, belə dizaynın yaradılması alimlərə çoxdan məlum olan bir problemin həllinə yönəlib: yəni ağırlıq qüvvəsinin uzun müddət olmaması insan orqanizminin vəziyyətinə çox mənfi təsir göstərir və xüsusən də əzələnin, eləcə də sümük kütləsinin azalmasına səbəb olur.
Tədqiqatçılardan ibarət komandanın sözçüsü, Kioto Universitetinin professoru Yosuke Yamaşiki deyib ki, bu layihə texnoloji bir sıçrayış tələb edir: “Buna nail olmaq, tezliklə kosmik koloniyaların yaradılmasında yol açmaq niyyətindəyik".
Aysal yaşayış kompleksinin hündürlüyü təqribən 400 metr, diametri isə təxminən 200 metrlik bir struktur ola bilər. Bu yaşayış məntəqəsinin 10 000-ə qədər insanı qəbul etməsi mümkün olacaq.
Dizayn hələ ki, inkişafın ilkin mərhələsindədir və riyazi modellər şəklində mövcud olacaq, lakin alternativ kimi 1:2000 miqyaslı modelin də olduğu bildirilir.
Oqtay QORÇU