AZ

Suriyada SİLAHLAR SUSDU: “Türkiyə modeli əsasında bir hökumət qurulacaq”

“Təbii ki, Suriyada müxalif silahlıların hakimiyyətə gəlməsi və inqilabın uğurlu nəticə verməsi atəşkəsin əldə olunmasına və Suriyada sabitliyin bərqərar olmasına səbəb oldu. Burada Türkiyənin rolu xüsusi əhəmiyyət daşıyır, çünki Türkiyə sabit və güclü bir Suriyanın bərpasında maraqlıdır və bu məqsədlə həyata keçirilən bütün planlar Türkiyənin verdiyi təlimatlar əsasında həyata keçirilir”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Məhəmməd Əsədullazadə deyib.

O, Suriyadakı silahlı qrupların “Heyət Təhrir əş-Şam” (HTŞ) lideri Əbu Məhəmməd əl-Qolaninin təklifi ilə vahid komandanlıq və Müdafiə Nazirliyi nəzdində birləşmək haqqında razılığa gəlməsi məsələsinə münasibət bildirib.

Analitik əmindir ki, Suriyanın keçid rəhbərliyi və hökuməti bu istiqamətdə mühüm islahatlar həyata keçirəcək:

“Məsələn, Bəşər Əsəd rejimindən qalma silahlıların, habelə digər silahlı qrupların silahlarını Müdafiə Nazirliyinə təhvil verməsi nəzərdə tutulur. Suriya yeni Müdafiə Nazirliyinə tabe olan silahlı qruplar arasında nəzarət həyata keçiriləcək. Türkiyə Suriyada nizami ordu quracaq və müasir hərbi müdafiə sistemini təşkil edəcək. Bununla yanaşı, Türkiyə Suriyada hava, dəniz və quru hərbi bazalarının qurulmasını planlaşdırır. Ayrıca, Türkiyə Suriyada üç min nəfərlik quru qoşunu yerləşdirəcək. Bu addımlar, Türkiyənin Suriyanın sabitliyi və vahidliyi istiqamətində atdığı mühüm addımlar olacaq”.

“Yeni dövrün Suriyası üçün genişmiqyaslı yenidənqurma işləri həyata keçiriləcək. Bəzi mülahizələrə görə, burada teokratik və dini bir rejim qurulmayacaq; əksinə, Türkiyə modeli əsasında bir hökumət qurulacaq. Suriyanın inkişafı üçün atılacaq addımlar ölkəni iqtisadi baxımdan inkişaf etmiş və sabit bir vəziyyətə gətirəcək. Qətərdən Türkiyəyə uzanacaq qaz xətti, Suriyanın iqtisadiyyatına müsbət təsir edəcək və Qərbin Suriyaya dəstəyini gücləndirəcək”, – deyə o, söyləyib.

Rafi Müslümov

Seçilən
4
yenicag.az

1Mənbələr