AZ

İran və Rusiya Şimal-Cənub dəhlizinin tamamlanması məsələsini mzakirə edib

İran Prezidenti Məsud Pezeşkiyanın bu ölkədə səfərdə olan Rusiyanın Baş nazirinin müavini Vitali Savelyevlə görüşündə Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanması məsələsi diqqət mərkəzində olub.

İRNA agentliyinin məlumatına görə, Prezident Pezeşkiyan görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, Şimal-Cənub strateji dəhlizində işlərin sürətləndirilməsi və tamamlanmasının yolları barədə danışıb.

“14-cü hökumətin bu dəhlizi tamamlamaq əzmi ciddidir”, o qeyd edib.

Məsud Pezeşkiyan bəyan edib ki, İran və Rusiya arasında razılaşma çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin həyata keçirilməsi onun planında prioritetidir və İran bunu həyata keçirmək əzmindədir.

“İran bu razılaşmanın müddəalarına sadiqdir və Rusiya tərəfi layihənin həyata keçirilməsi üçün marşrutun xəritələşdirilməsinə və hazırlıqlara ən qısa zamanda başlaya bilər. Müqaviləyə əsasən, marşrut üçün torpaq sahəsinin alınması, müəyyən olunmuş vaxtda sənədləşməni və öhdəlikləri həyata keçirəcəyik”, Pezeşkiyan qeyd edib.

Rusiyanın Baş nazirinin müavini İran Prezidentini 2025-ci ilin ilk günlərində Rusiyaya səfərə dəvət edib.

“Rusiya hökuməti bu səfərə, onun müzakirələrinə və razılaşmalarına hazırlaşır”, Savelyev qeyd edib.

Rusiya hökumətinin məlumatına görə, Vitali Savelyev İrana səfərindən öncə dekabrın 21-də Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı üzrə əməkdaşlıq sazişinin imzalanma mərasimində iştirak edib.

Şimal-Cənub

Şimal-Cənub dəhlizi (Xəritə Azərbaycan Dəmir yolu Səhmdar Cəmiyyətinin rəsmi saytından götürülüb)

Sazişi Rusiyanın nəqliyyat naziri Roman Starovoit ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıb.

İmzalanmış saziş Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə dəmir yolu ilə yükdaşımaların və infrastrukturun inkişafının əlaqələndirilməsi mexanizmini müəyyən edir. Yüklərin daşınması üçün sərhədi keçmək üçün asanlaşdırılmış şərait yaradılacaq, daşımaların həcmlərinin artım templəri ilə dəmir yolu infrastrukturunun inkişafı arasında tarazlıq təmin ediləcək.

“Bugünkü saziş bütün Şimal-Cənub dəhlizinin inkişafı üçün tarixi və əsasdır. İnfrastruktur layihələrimiz faktiki olaraq ən azı 15 milyon ton daşıya biləcəyimizi təmin etməyə yönəlib və yükgöndərənlər bu dəhlizdə maraqlıdırlar. Ümumiyyətlə, Bəndər-Abbas limanına gedən dəmir yolu bütün dəhlizin intensiv inkişafı üçün iqtisadi şərait yaradacaq”, Rusiya baş nazirinin müavini Vitali Savelyev qeyd edib.

2023-c ü il mayın 17-də Tehranda İran və Rusiya Şimal-Cənub dəhliznin bir komponenti olacaq Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə saziş imzalayıb.

Sənədə əsasən Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək.

Rəşt-Astara xəttinin uzunluğu 170 kilometr olacaq. O, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək üçün lazımdır, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artmasına imkan verəcək.

Rəşt-Astara dəmir yolunun salınmasından sonra Moskva və Sankt-Peterburqdan yük və konteynerlər birbaşa və dayanmadan İranın cənubunda Fars körfəzində Bəndər-Abbas limanına daşına biləcək. Digər tərəfdən, Rusiyanın Hindistan, ərəb ölkələri və İrandan idxal etdiyi mallar da Fars körfəzində İranın cənub limanlarından Azərbaycan vasitəsilə Rusiyaya çatdırıla bilər.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində əldə edilib. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş”ə qoşulub.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu və avtomobil daşımalarını da reallaşdıracaq.

visiontv.az



Seçilən
23
visiontv.az

1Mənbələr