Bakıda "Qarabağın bərpasında həmrəyliyin rolu" mövzusunda Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşlarlarla görüşü təşkil edilib.
Musavat.com xəbər verir ki, görüşdə millət vəkilləri, media qurumlarının rəhbərləri, bloggerlər iştirak edir.
Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə ilk növbədə fondun ötən dövrdə həyata keçirdiyi layihələr, yerli və beynəlxalq ictimaiyyətlə qurulan əlaqələrin nəticələri təqdim ediləcək:
"Bu gün biz tərəfdaşlarla Azərbaycanda ianəçilik mədəniyyətinin təşfiq olunmasını müzakirə edəcəyik. İnanıram ki, faydalı müzakirələr olacaq. Qarabağın Dirçəliş Fondu müxtəlif qruplarla münasibətlər qurmaqdadır. Münasibətlərin inkişaf etdirilməsində maraqlıyıq. Bu səbəbdən də il ərzində müxtəlif layihələrimizi, təşəbbüslərimizi təqdim etmək üçün müzakirələr təşkil edirik.
Hesab edirəm ki, bu fondun gələcək fəaliyyətinə müsbət təsir göstərəcək. Qarabağın dirçəlişi istiqamətində aparılan işləri dəstəkləmək üçün könüllü ianələr cəlb ediləcək. Bununla da Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə töhfə vermiş olacağıq. Fondun bütün fəaliyyəti Cənab İlham Əliyevin müəyyən etdiyi priotitetlərə uyğun qurulub", - deyə R.Hacıyev qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com