AZ

Faciədən xal toplayanlar, təyyarəyə çırpılan quşlar... 

AZAL-ın pilotları dünyada ən peşəkar pilotlardandır. Bu ifadəni dəfələrlə eşitmişik və həqiqətdir. Müxtəlif şirkətlərin hava gəmilərindən istifadə edən sərnişinlər buna şahiddir. Rahatlıq və təhlükəsizlik dəyişilməz prioritetdir. 

Bu gün baş verən qəzada da bu açıq şəkildə göründü. Pilotlar təyyarənin yerə çırpılmaması üçün əllərindən gələni ediblər. Bu cəhd yayılan videolardan da görünür. Ən az itki və ən mümkün imkanlarla təyyarəni endirməyə edilən cəhd göz qabağında idi. Əksi olsa idi, təyyarə başıaşağı yerə çırpılardı və ya dənizə düşərdi. O zaman da təyyarədə olanların heç biri sağ qalmazdı. Nəinki sağ qalmazdı, onların çoxunun cəsədləri bəlkə də tapılmazdı.

Həmin videoları dəfələrlə izlədim. Siz də izləyin! Uşaq da anlayar ki, bu qəzadan 1 nəfərin belə sağ çıxması möcüzə sayıla bilər. 32 nəfər sağ qalıb e! Təxminən sərnişinlərin yarısı. Pilotlar öz canlarının bahasına 32 nəfərin həyatını xilas edə biliblər. Videodan da görünür ki, təyyarə öncə başıaşağı gəlir. Yerə yaxınlaşanda ekipajın səyi nəticəsində üfüqi vəziyyətə gətirilir. Çırpılmanın sürətini maksimum dərəcədə azaltmağa cəhd açıq-aydın hiss olunur. Amma nə etmək olar ki, sonucda təyyarənin bir hissəsinin parçalanmasının qarşısını almaq mümkünsüz olur. 

Qəzadan heç kim sığortalanmayıb. Hər gün dünyanın hansısa bölgəsində təyyarə qəzasının olduğu haqda xəbər oxuyuruq. Bu gün də bu fəlakət bizim qapımızı döydü. Qarşısıalınmaz qəza idi.

Amma hər məqamda fürsət gözləyənlər yenə də öz işlərindədir. Yenə də günahkar axtarılır, manipulyasiyalar edilir, hətta bu qəzanı aparıb quru sərhədlərinin bağlanması ilə əlaqələndirənlər var. Guya quru sərhədlər açıq olsaydı, Bakıdan Qroznuya təyyarə uçmayacaqdı. Bu reys onilllərdir mövcuddur. Quru sərhədlə nə əlaqəsi var?! Bunlar o adamlardır ki, Vətən Müharibəsində də eyni münasibəti sərgiləyirdilər. Müharibənin başlanmasını istəmir, hər bir yolla qarışıqlıq yaradır, insanların həssas hisslərindən istifadə edirdilər. 

Sosial şəbəkədə indi bir çoxu ekspert qismində çıxış edir. Sanki bunlar hava gəmilərinin idarə olunması, xilasedici məsələləri üzrə mütəxəssisdirlər. Ölkə kədər içərisində olduğu bir vaxtda öz maraqları naminə, və yaxud da heç bir marağı olmadan ağlına gələni ictimailəşdirib insanların heysiyyatı ilə oynamaq üçün insan hansı alt səviyyədə olmalıdır, bunu anlaya bilmirəm. Fürsət bu fürsət deyərək suyu bulandırırlar. Amma fürsət bu fürsət deyil axı. Bu, qəzadır. Həlak olan soydaşlarımız var. Onların yaxınları, əzizləri var. Belə bir məqamdan istifadə edib xal qazanmağın əxlaqlı bir iş olmadığını anlamaq o qədər də çətin deyil. Ölkənin rəsmi qurumları, hüquq – mühafizə orqanları artıq araşdırmalara başlayıb, cinayət işi açılıb. Əgər günahkar varsa, mütləq cəzasını alacaq. Bu qədər həlak olan adamın qanı qəza səbəbindən deyil başqa bir səbəbdən axıbsa, mütləq buna cavab verənlər olacaq. 

Səbr, ağıl və məntiq zamanıdır... 

Ağlı olmadan özünü ağıllı göstərmək istəyənlər, əmin olun ki, görüntü dəyişmir. Olduğunuz kimi görünürsünüz. O təyyarəyə çırpılan quş sürüsünə çox bənzəyirsiniz. Əlinizdə imkan olsa, hər gün bir hədəfə bax elə o quşlar kimi çırpılmaq istəyərsiniz. 

Kaş ki, bu qəza baş verməyəydi. Amma oldu. İtkisiz mümkün olmadı. Vətənin başı sağ olsun! Ölənlərə rəhmət, qalanlara səbr diləyirəm!

Elnur Məmmədli


Telegram kanalımız
Seçilən
4782
yenisabah.az

1Mənbələr