AZ

""Tylolhot"u həm uşağa, həm böyüyə alırlar, onu içirlər, sonra deyirlər niyə sağalmırıq?" - Həkimdən AÇIQLAMA

Payız, eləcə də qış fəslinin gəlməsi ilə insanlar arasında xəstəliklərin artması müşahidə olunur. Belə hallara ən çox uşaqlarda rast gəlinir. Qriplə yanaşı onlarda boğaz ağrısı, quru öskürək geniş yayılıb və sağalma müddəti uzun çəkir. 

Bu hansı virusdur və yoluxmamaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan endokrinoloq-pediatr Sevda Novruzlu bildirdi ki, virusların yuxarı tənəffüs yollarını zədələməsi nəticəsində xəstəliklər yaranır.

"Bu, yuxarı tənəffüs yollarının virus infeksiyalarıdır. Burada da infeksiyaların növləri çoxdur. Bu virusların yuxarı tənəffüs yollarını zədələməsi nəticəsində xəstəliklər yaranır. İmmun sistemi güclü olan, bol-bol təmiz havada olan, normal vitamin və minerallarla zəngin qidaları qəbul edən uşaqlar xəstəliyə gec yoluxur. İmmun sistemi müxtəlif xroniki, allergik risk yuxarı olan, otoimmun uşaqlarda zəifdir. Ona görə də hər hansı bir infeksiyasının yoluxması nəticəsində bu xəstəlik uzun çəkə bilər. Xəstəliklərin uzun çəkməsinin səbəbi vaxtında həkimə müraciət etməməkdir. Məsələn, hamının bildiyi "Tylolhot" preparatını həm uşağa, həm böyüyə alırlar, onu içirlər. Sonra deyirlər niyə sağalmırıq? Bu iltihabı prosesi, temperatur varsa, onun əlamətini aradan götürür. Amma virusa qarşı təsir göstərmir. Hər dərmanın özünün təsir mexanizmi var".

Pediatrın sözlərinə görə, öskürəkdən xilas olunsa da, o, bir müddət sonra geri qayıda bilir.

"Hər hansı virus yoluxması varsa, demək burda mütləq və mütləq virus əleyhinə preparatlar istifadə olunmalıdır və orqanizmin immun sistemi artırılmalıdır. Orqanizmin immun sistemini artırmaq üçün müxtəlif dərmanlardan istifadə etmək lazımdır. Güclü orqanizmdə xəstələnmə müşahidə olunubsa, bunu yüngül halda keçirir. Xəstəlik vaxtı müşahidə olunanlardan biri də öskürəkdir. Ağırlaşmalar, yuxarı tənəffüs yolları xəstəlikləri düzgün müalicə olunmadıqda aşağı tənəffüs yollarına keçir. Bu zaman uzunmüddətli öskürək müşahidə olunur. Onun ilk əlaməti öskürəkdir. Həm quru, həm bəlğəmli öskürəyin tam sağalandan 10-15 gün sonra geri qayıda bilir. Ona görə də vaxtında hər hansı xəstəliyə yoluxma müşahidə olunarsa, həkimə müraciət etmək və lazımi müalicəni almaq lazımdır", - deyə Sevda Novruzlu bildirdi.

Türkan İSGƏNDƏRLİ

Seçilən
14
redaktor.az

1Mənbələr