AZ

BDU-da “Qüdrətli Azərbaycan: Yeni zəfərlərə doğru” mövzusunda dəyirmi masa

Bakı Dövlət Universitetində (BDU) “Qüdrətli Azərbaycan: yeni zəfərlərə doğru” mövzusunda dəyirmi masa keçirilib.

 

Tədbiri açan BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, bu gün ölkəmizin vətəndaşları siyasi, hərbi və iqtisadi təlatümlərin hökm sürdüyü dünyaya mütərəqqi dövlətçilik modelini təqdim edən Azərbaycanla fəxr edirlər: “Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü təmin edilib. Vətən müharibəsində və antiterror tədbirlərində əldə edilmiş zəfərlər Azərbaycan dövlətinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirib, ölkəmizin gələcək inkişafına möhkəm zəmin yaradıb. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri geniş vüsət alıb. Bu ərazilərin minalardan təmizlənməsi, şəhər və kəndlərin yenidən qurulması, yeni yaşayış məntəqələrinin salınması, əhalinin normal həyat tərzinin təmin edilməsi üçün zəruri infrastrukturun yaradılması istiqamətində ciddi addımlar atılır”.

Rektor diqqətə çatdırıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb, ümumbəşəri problemlərin müzakirəsi məkanına, sivilizasiyalararası dialoq mərkəzinə çevrilib, dövlətimizin regiondakı liderlik missiyası və aparıcı rolu bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilib: “Azərbaycanın dünya dövlətlərinin, beynəlxalq təşkilatların etibarlı tərəfdaşı kimi nüfuz qazanması, Türk Dövlətləri Təşkilatında layiqli yer alması, digər ölkələrlə ümumbəşəri dəyərlər və milli maraqlar əsasında qurduğu münasibətlər, Qoşulmama Hərəkatında əldə olunan nailiyyətlər sülhsevər dövlətimizin hərtərəfli inkişafının parlaq göstəricisidir. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) paytaxtımızda yüksək səviyyədə keçirilməsi qlobal problemlərinin müzakirəsi və həllində Azərbaycan dövlətinə göstərilən böyük etimadın bariz nümunəsi olmaqla yanaşı, ölkəmizin hərtərəfli inkişafında və dünya birliyinə daha geniş inteqrasiyasında məzmunca və keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı sayıla bilər. Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin məntiqi nəticələrindən biri də 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı ölkəmizin yekdilliklə D-8 təşkilatına üzv seçilməsidir”.

Rektor bildirib ki, bu gün yeni reallığa qədəm qoymuş Azərbaycanda elm və təhsilin, mədəniyyətin və idmanın inkişafına, əhalinin sağlamlığının qorunmasına xüsusi diqqətlə yanaşılır: “Bu il baş tutmuş növbədənkənar prezident seçkilərində əldə edilmiş qələbə Prezident İlham Əliyevin doğma Azərbaycanın tərəqqisi və inkişafı naminə atdığı hər bir addımına xalqımızın verdiyi yüksək dəyərin, şəxsiyyətinə olan dərin ehtiramın, tükənməz ümumxalq sevgisinin ən parlaq göstəricisidir. Əminik ki, qarşıdan gələn növbəti illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlarımız davam edəcək, dövlətimiz daha da möhkəmlənəcək, xalqımız yeni zəfərlərə imza atacaq”.

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, dünyada heç bir dövlətin həyatında belə qısa zamanda Azərbaycanda olduğu kimi müsbət dəyişikliklər olmayıb. Prezident İlham Əliyevin son 21 ildə həyata keçirdiyi siyasət Ümummilli Lider Heydər Əliyev amallarına sadiqliyinin göstəricisidir: “Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı qüdrətli Azərbaycana çevirib. Azərbaycan Qarabağda qazandığı böyük Zəfərlə həm regionda, həm də beynəlxalq aləmdə böyük dəyişikliklərin əsasını qoyub”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Sevinc Fətəliyeva, Göydəniz Qəhrəmanov, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli çıxışlarında qeyd ediblər ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, dayanıqlı inkişafının təmin olunmasına, beynəlxalq səviyyədə inam və etimad məkanına çevrilməsinə xidmət edib.

Tədbirin sonunda Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Zaman və Ali Baş Komandan - tarixin izi ilə” sənədli filmi nümayiş olunub.

Seçilən
15
1
tehsil.biz

2Mənbələr