Novruzəli Aslanov: “3-cü MDB Oyunlarına hazırlıq Gəncənin bütün infrastrukturunun yenilənməsinə güclü təkan verəcək”
“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu ölkəmizin idman sahəsində əldə etdiyi uğur və nailiyyətlərdə də özünü təsdiqləyir. O cümlədən artıq başa çatan 2024-cü il də Azərbaycan idmanı üçün möhtəşəm qələbələrlə əlamətdar olub. Bu il ölkəmizin keçdiyi dinamik inkişaf yolu idman sahəsini də hərtərəfli əhatə edib. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, bu il də Azərbaycan idmanı üçün çox uğurlu olmuşdur. Həqiqətən də Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər və bunun ən bariz göstəricisi müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında, mötəbər beynəlxalq yarış və turnirlərdə, o cümlədən 2024-cü ilin Yay Olimpiya Oyunlarında ümumilikdə 1700-ə yaxın medalın əldə olunmasıdır. Əlbəttə ki, mütəmadi olaraq yeni idman ölkələrinin meydana çıxdığı, idman sahəsində rəqabətin durmadan artdığı dünyada ilbəil yüksək nəticələr göstərmək, öz gücünü təsdiqləmək heç də asan məsələ deyil. Lakin idmançılarımız bu vəzifənin öhdəsindən ləyaqətlə gəlirlər. İdmanımız durmadan inkişaf edir, yeni nəsil idmançılar yetişir və Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və artıq uzun illərdir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Deputat fikirlərini davam etdirərək bildirib ki, Azərbaycanda həyata keçirilən idman siyasəti ölkəmizdə bu sahənin dayanıqlı inkişafını təmin edən əsas amildir: “Artıq bir neçə ildir ki, Azərbaycanda müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatları, Avropa oyunları silsilə xarakteri almışdır. Ölkəmizin bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi Azərbaycanın sadəcə idman sahəsində deyil, eyni zamanda digər sahələrdə də dinamik inkişafının göstəricisidir. Əminliklə demək olar ki, bu proqressiv tendensiya gələn il də yüksək dinamika ilə davam edəcək. Belə ki, cənab Prezident İlham Əliyev öz çıxışında 2025-ci ildə ölkəmizin 3-cü MDB Oyunlarına ev sahibliyi edəcəyini bəyan etdi. Qeyd olundu ki, bu məqsədlə 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Təbii ki, bu möhtəşəm idman tədbiri Gəncənin təkcə idman sahəsində deyil, bütün infrastrukturunun yenilənməsinə güclü təkan verəcək. Möhtərəm dövlət başçımız bu xüsusda bildirdi ki, Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər bu obyekt istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Diqqətəlayiq haldır ki, hətta Bakı şəhərində belə bu qədər böyük və ən müxtəlif funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Nəzərə almaq lazımdır ki, üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əlbəttə ki, bu qədər iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılmalıdır. Beləliklə, Gəncənin şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələri icra ediləcək. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda idmanın inkişafı təkcə paytaxt Bakıda deyil, bütün şəhər və rayonlarımızda uğurla davam edir. Ölkəmizdə idmanın inkişafının bilavasitə cənab Prezident İlham Əliyevin nəzarətində olması respublikanın bütün regionlarında bu inkişafın sürətlə getməsini təmin edir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.