İstintaq prosesi başa çatana qədər “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.
Bu barədə AZAL-dan bildirilib.
Qeyd olunur ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.
Xatırladaq ki, bu gün səhər saatlarında “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, əvvəlcə hava şəraiti ilə əlaqədar Qroznıdan Mahaçkalaya, daha sonra Aktauya yönləndirilən təyyarə orada eniş edə bilməyib və qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində olan 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Azərbaycan Baş Prokurorluğu hadisə nəticəsində 32 nəfərin sağ qaldığını bildirib.