Sədrəddin Soltan: "Əgər bu təşəbbüs İsrail və ABŞ-yə qarşıdırsa, bu birlik bəri başdan alınmayacaq"
İran prezidentinin strateji məsələlər üzrə müavini (vitse-prezidenti) Məhəmməd Cavad Zərif regionda sabitliyin yaradılması və regional aktorlar arasında əməkdaşlığın gücləndirilməsi üçün Yaxın Şərqdə Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası adlı yeni strukturun yaradılması təklifini irəli sürüb.
Onun sözlərinə görə, yeni təşəbbüs Yaxın Şərqin bütün müsəlman ölkələri – Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, BƏƏ və Yəmən dövlətlərini birləşdirməlidir. Bu, ümumi dinə, kollektiv təhlükəsizliyə və müdaxilə etməmək prinsipinə əsaslanan platformadır.
Zərif qeyd edib ki, assosiasiyanın əsas prioritetləri Qəzza zolağı, Livan, Suriya və Yəməndə mövcud olan bütün böhranların həlli, eləcə də qeyri-regional aktorların xarici müdaxilələri ilə mübarizə olmalıdır.
Məgər müsəlman dövlətlərinin indiyə qədər mövcud olan birlikləri kifayət etmir ki, İran yeni birlik yaratmağı təklif edir? İslam Əməkdaşlıq Təşkilatı, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və s. İslam dövlətlərinin beynəlxalq qurumları bu işin öhdəsindən gələ bilməzmi? Bu nə qədər perespektivə malikdir? Yoxsa bu, İranın yenidən qayıdaraq Sutiyada oyunçuya çevrilmək istəyinin bir ifadəsidir?
Baki-xeber.com saytına açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, əvvəlcə "kollektiv təhlükəsizlik və müdaxilə etməmək prinsipi" ifadəsi ilə Məhəmməd Cavad Zərifin nə demək istədiyini aydınlaşdirmaq gərəkir: "Çünki hər hansı bir təşkilat yarananda onun hədəfləri, yaranma səbəbləri və s. aydınlaşmalıdır. Əgər İsrail və ABŞ-yə qarşıdırsa bu birlik bəri başdan alınmayacaq. Çünki bu iki dövlətlə Zərifin sadaladığı dövlətlərin çox yaxın münasibətləri var. Yox, əgər bu yalniz regional təhlükəsizliyi hədəfləyəcəksə, o məsələdə yenə də müsəlman ölkələrinin başqa birlikləri var. Bu məsələləri o çərçivədə də təmin etmək olar. Hətta müsəlman ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatı olan D-9 mövcuddur ki, orada həm əməkdaşlıq, həm də təhlukəsizlik məsələləri müzakirə edilir.
Bu yeni təşkilatın yaranmasında müsəlman faktoru qabardılırsa, onun bölgədə marağı olan qeyri-müsəlman ölkələrinə qarşı çevriləcəyini bəri başdan da söyləmək olar. Çunki İran müsəlman dövlətlərinin dialoqunu qurmaq istəyirsə, buna kifayət qədər platforma var və rəsmi Tehran da onların əksəriyyətində təmsil edilir. Bununla yanaşı, həm də Körfəz Əməkdaslıq Təşkilatı (KÖƏT) var. KÖƏT-də əsasən ərəb ölkələri birləşib.
Digər tərəfdən, region ölkələri olan Tunis, Mərakes və Liviyanin adları Zərifin siyahısında yoxdur.
İranın vitse-prezidenti Məhəmməd Cavab Zərifin bu açıqlamasını dövlətin bölgədə təhlükəsizliyin təmin edilməsi istəyinin nümayişi, rəsmi Tehranın sülhsevərliliyini, regionda əməkdaşlığa üstünlük verdiklərini göstərmək kimi qiymətləndirmək olar. Amma əsl həqiqətdə bu "blef"dir. Sadəcə olaraq, son zamanlar İranın HƏMAS və Hizbullahı silahlandırmaqda, Bəşər Əsədin süqutunda adı hallandığına görə özünü duruya çixarmaq, bu məsələlərdə əli olmadığını göstərmək üçün təhlükəsizlik qrupu yaratmaq təkliflərində bulunur.
Fikrimcə, Suriya ilə bağlı Tehranın "kitabı bağlanıb". Çünki Suriyadakı yeni hökumət İranla deyil, Qərblə əlaqələr qurmağa üstünlük verir. Ola bilər ki, İran qarşıdakı dönəmdə Suriyada hər hansi pozuculuq fəaliyyəti ilə məşğul olsun. Amma həm Suriyadakı mövcud hakimiyyət, həm də qonşu ölkələr dərhal bunun qarşısını alacaq".
Dəniz NƏSİRLİ