AZ

Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

Image

Hüseyn İbrahimov: “Bu, azad edilmiş ərazilərdə böyüyən uşaqların sağlam böyüməsinə müsbət təsir edəcək”

“O ki qaldı, azad edilmiş ərazilərə, siz yaxşı bilirsiniz ki, o ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır”.

Bunu Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Ölkə basçışı fikirlərini belə əsaslandırıb: “Çünki bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Məsələn, İmarət stadionunun inşa edilməsi - bunun çox böyük rəmzi mənası var. İndi Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərindəki stadion, - hansı ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir, - əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Düz bir il bundan əvvəl Xankəndi stadionunda biz hamımız tarixi futbol yarışını izləmişik”.

Bütün bu deyilənlərin fonunda, azad edilmiş rayonlarda idman infrastrukturunun yaradılmasının nə kimi əhəmiyyəti var?

“Yeni idman infrastrukturları sayəsində Qarabağ bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, işğaldan azad edilmiş rayonlarda idman infrastrukturunun yaradılmasının bir sıra əhəmiyyəti var: “Əvvəla, nəzərə almaq lazımdır ki, aparılan yenidənqurma və quruculuq tədbirləri çərçivəsində məcburi köçkünlər öz yurdlarına qayıdırlar. Orada evlərlə yanaşı, məktəblər, xəstəxanalar və digər ictimai əhəmiyyətli sosial obyektlər tikilir. Yaradılan idman infrastrukturu azad edilmiş ərazilərdə böyüyən uşaqların sağlam böyüməsinə müsbət təsir edəcək. Onlar həmin infrastruktur sayəsində idmanın müxtəlif növlərinə yiyələnəcəklər, ölkə və dünya müstəvisində keçirilən yarışlara qatılacaqlar. Bəli bir vaxtlar Ağdamın İmarət stadionunda möhtəşəm yarışlar keçirilirdi. O yarışlarda regionlardan və digər yerlərdən gələn idmançılar yarışırdılar. Hesab edirəm ki, yeni idman infrastrukturları sayəsində Qarabağ bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək. Bu, həm bölgənin tanınmasına, çiçəklənməsinə töhfə verəcək, həm də turist axınına səbəb olacaq. Çünki beynəlxalq idman yarışları bu baxımdan çox böyük əhəmiyyətə malikdir. Bütün dünya görəcək ki, Azərbaycan Qarabağı necə gülüstana çevirir. Bir sözlə, yeni idman obyektlərinin çoxşaxəli əhəmiyyəti var”.

Vidadi ORDAHALLI





Seçilən
12
baki-xeber.com

1Mənbələr