Vəzir Surxay oğlu Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub.
QHT.az xəbər verir ki, 1975-1977-ci illərdə hərbi xidmətdə olub. 1984-cü ildən Rusiyanın Arxangelsk vilayətində yaşayan Vəzir Orucov Xocalı faciəsinin baş verməsindən sonra Azərbaycana qayıdaraq 1992-ci ilin may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olub. O, sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlib. Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək düşmənin bir çox planını puç edib.
Qəhrəman hərbçimiz Vəzir Orucov 22 mart 1993-cü ildə düşməndan azad etməyi qarşısına məqsəd qoyduğu Ağdərənin "Qlobus" yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Orucov Vəzir Surxay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunub.
Ruhu şad olsun!