Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib. Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan hava gəmisi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
AZAL-dan bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Faciəli qəzanın səbəbi ilə bağlı rəsmi versiya hələlik açıqlanmayıb. Sadəcə, təyyarənin quş sürüsü ilə toqquşmasından sonra qəza enişi etdiyi ehtimalı var. Amma başqa versiyalar da öz aktuallığını qoruyur. Ehtimallardan biri də odur ki, təyyarədə texniki nasazlıq yaranıb və pilot qəza enişi etmək məcburiyyətində qalıb.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bakupost.az -a bildirib ki, hadisə barədə müxtəlif versiyalar ortaya atıla bilər. Təbii ki, hər bir versiya başladılacaq istintaq hərəkətlərində dəyərləndiriləcək:
"İstintaqdan əvvəl hansısa versiyanın üzərində dayanmaq doğru olmazdı. Təyyarə qəzalarında “qara qutu” oxunur, ona əsasən də səbəblər ortaya çıxır. Təyyarə niyə Qroznıya eniş etməyib? Niyə məhz Aktauya doğru hərəkət edib? Məcburi enişə səbəb nə olub və eniş zamanı niyə qəza baş verib? Bütün bu suallara cavab təyyarənin “qara qutusu”ndadır".
Ekspert qeyd edib ki, “Qara qutu” oxunandan sonra bir çox mətləblərə aydınlıq gələcək:
“Qəzaya nə səbəb olubsa, istintaqın nəticələri ortaya çıxaracaq. Bu barədə nəsə demək, çaşqınlıq yaratmaq doğru deyil. Hər halda, yayılan hər bir informasiyaya ciddi yanaşılmalı, istintaq bütün versiyalar üzərində ciddi işləməlidir. Ola bilər ki, təyyarə Qroznıya duman səbəbindən eniş edə bilməyib, sonra da ilkin versiyada səslənən kimi, quş sürüsü ilə toqquşub. Amma texniki nasazlığın olması da mümkün versiyadır. Hər şey istintaqla müəyyənləşəcək”.
Politoloq Fərhad Mehdiyev deyir ki, təyyarənin uçuş traektoriyasına baxanda görünür ki, Xəzər dənizinin üstündə ikən anidən sağa, şərq istiqamətinə dönür:
"Lakin Aktau hava limanına yaxınlaşanda təyyarə sola dönür, sonra dairə vuraraq, havada 8 rəqəminə bənzər fiqur çəkməklə Xəzər dənizinin üstündə ikən enişə enməyə başlayır və sahilə çox yaxın bir yerdə, sağ qanadı ilə yerə dəyir. Sağ qanadında olan benzin dərhal partlayır.
Xəzər dənizinin üstündə pilot benzini boşaltmağa başlayır. Aktau hava limanına dönüş edib düz xətlə oraya çatacağı yerdə pilot fikrini dəyişir. Pilotun fikrini dəyişməsinin 2 səbəbi ola bilər: birincisi, Aktaudan ona enişə icazə verməyə bilərlər. İkincisi, pilot texniki problemlərə görə Aktauda enişi həyata keçirə bilməyəcəyi qənaətinə gələ bilər".
Sevinc,
BakuPost