AZ

AZAL rəhbəri: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir

Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən sərnişin təyyarəsi qəzası həm Azərbaycan xalqı, həm də AZAL üçün böyük faciə olaraq tarixə yazıldı. Təyyarə qəzası nəticəsində ekipaj üzvlərinin qəhrəmancasına göstərdikləri səylər sayəsində 20-dən çox sərnişin xilas edildi. Təəssüf ki, qəza zamanı iki təcrübəli pilotumuz və bir bələdçimiz həyatlarını itirdilər. Onların bu qəhrəmanlığı heç vaxt unudulmayacaq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında söyləyib.

S.Rzayev qeyd edib ki, hazırda hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir. “Qəzanın “qara qutu”su artıq tapılıb və onun təhlili üçün beynəlxalq aviasiya konvensiyalarına uyğun prosedurlar həyata keçirilir. Təyyarə oktyabr ayında tam təmirdən çıxıb, texniki baxışdan keçib və uçuşları 15 min saatdan çox olan təcrübəli pilotlar tərəfindən idarə edilirdi. Buna baxmayaraq, hadisənin səbəbləri araşdırılır”, - deyə o əlavə edib.

AZAL rəhbəri diqqətə çatdırıb ki, hazırda Aktau şəhərində olan sağ qalmış sərnişinlərin və dünyasını dəyişənlərin cəsədlərinin Azərbaycana geri qaytarılması üçün hazırlıqlar görülür.

“Bu faciəvi hadisə xalqımıza böyük itki yaşatsa da, qəhrəman ekipaj üzvlərinin vəzifələrini son ana qədər ləyaqətlə yerinə yetirmələri, insan həyatını hər şeydən üstün tutmaları onların adlarını tarixə yazdırdı. Hadisə ilə bağlı araşdırmalar davam etdikcə, əlavə məlumatlar paylaşılacaq. Biz həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaralananlara isə tezliklə şəfa tapmalarını arzulayırıq”, - deyə Samir Rzayev vurğulayıb.

Seçilən
6
6
xezerxeber.az

9Mənbələr