AZ

TİF-in prezidenti: "TDT ölkələri qarşılıqlı ixracı 23 %-ə yaxın artırıb"

2023-cü ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qarşılıqlı ixracının dəyəri 2022-ci illə müqayisədə 22,6 % çox - 38 milyard ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu Türk İnvestisiya Fondunun (TIF) prezidenti Bağdat Amreyev Bakıda keçirilən ürk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

Onun sözlərinə görə, TDT ölkələrinin bir-birinə ixracının onların ümumi ixracında payı 6,8 %-ə yüksəlib: "Bu, ümidverici göstəricidir. Ancaq, istənilən səviyyədən aşağı olaraq qalır. Beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə görüşlərimizdə həmişə bizdən soruşurlar ki, niyə türk dövlətləri arasında ticarət dövriyyəsi aşağı səviyyədədir? Onlara cavab verməyə və izah etməyə çalışırıq ki, Sovet İttifaqı dövründə iqtisadi model yüksək dərəcədə mərkəzləşdirilib. Respublikalar əsasən konkret sənaye və yaxud kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşıb. Bu, birtərəfli iqtisad sistemə gətirib çıxarıb. Bəzi respublikalar ağır sənayeyə, digərləri kənd təsərrüfatına və xammal hasilatına yönəldilib. Bu ixtisaslaşma şaxələndirilmiş ticarətə həvəsi azaldıb".

Bundan başqa, TİF-in prezidenti deyib ki, TDT ölkələri arasında ticarətin aşağı səviyyədə olmasının əsas səbəblərindən biri də nəqliyyat, logistika, gömrük və bu kimi amillərlə bağlı yüksək xərclərdir.

"Coğrafi yaxınlığa görə Orta Asiya ölkələri təbii olaraq Çin və Rusiya ilə daha çox ticarət əməliyyatları aparırlar. Bununla belə, ticarət və investisiyalar əlaqələrimizin əsasını təşkil edəcək. Daha yaxşı inteqrasiya olunmuş nəqliyyat, enerji şəbəkələri, eləcə də təkmilləşdirilmiş mobillik, logistika və müştəri xidmətlərindən daha çox faydalanmalıyıq. Bu səbəbdən problemləri daha da azaltmaq üçün səy göstərilir. İqtisadiyyatlarımız və cəmiyyətlərimiz dərin texnoloji-rəqəmsal transformasiyadan keçir və bu sahədə fəaliyyətimizi mərkəzləşdirməliyik", - deyə B.Amreyev əlavə edib.

Seçilən
13
far.az

1Mənbələr