Aktau yaxınlığında baş verən təyyarə qəzasında həlak olan həmvətənlərimizdən biri də Sadıqov Qoşqar Firudin oğludur. O, Cəlilabad rayonunun Mirzəli kəndinin sakinidir, 25 yaşı var idi.
Ailədə bir bacı, bir qardaş idilər. Yaxın qohumu, yazar Elşad Baratın Musavat.com-a açıqlamasına görə, gənc oğlan mütəmadi olaraq Çeçenistana gedər, Qroznıda fəhləlik edərmiş. Budəfəki səfəri də elə işlə bağlı imiş. Ailəni Qoşqar dolandırırmış.
“Çox kasıb ailə idilər, valideynləri Qoşqarı min bir əziyyətlə böyütmüşdü. Elə atası da vaxtı ilə fəhlə olub. Yaşlanmışdı deyə işləmirdi, ailənin yeganə gəlir yeri oğlanın göndərdiyi pul idi. Sonuncu dəfə ailəsi ilə sağollaşıb işləmək üçün səfərə çıxıb. Oğlunun ölüm xəbərini eşidəndən atasının dili tutulub, danışa bilmir. İndi bütün ailə şok içindədir. İşləməyə gedən oğulun ölüm xəbəri gəlib. Ağır dərddir.
Mən Mirzəli kəndində dərs deyəndə Qoşqar şagirdim olub. Çox sakit, mədəni uşaq idi. Orta təhsilli idi, evlənməmişdi. Onun adı sənəddə Qoşqar gedir, amma bütün qohumlar onu Novruz deyə çağırırdı. Ölümü ailəsinin dizini yerə vurdu”.
Qeyd edək ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub. Onlardan 38 nəfər həlak olub. Həlak olanlardan 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərlərin durumu ağır-stabil olaraq qalır.
Şahanə Rəhimli
Musavat.com