AZ

Xaricdən avtomobil gətirənlərin xərcləri boşa gedə bilər! - AÇIQLAMA

Bəzi insanlar daha sərfəli olduğunu düşünərək, avtombili xaricdən sifariş verir. Bu zaman maşının qeydiyyata alınması və ya qeydiyyatının dəyişdirilməsi prosesləri baş verir. 

Bu prosesləri necə və harada etmək olar?

Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafeyev Redaktor.az-a açıqlamasında bildirdi ki, prosedurun rəsmi şəkildə həyata keçirilməsi asan olsa da, bəzi çətinliklər vətəndaşların səbirsizliyindən qaynaqlanır.

"Azərbaycanda avtomobil qeydiyyatı prosesi dövlət tərəfindən müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Bu prosedur Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat Mərkəzlərində aparılır və burada vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb. Mərkəzdə həm bank xidmətləri, həm də digər zəruri infrastruktur mövcuddur. Bununla yanaşı, prosesin rəsmi şəkildə həll edilməsi üçün dövlət rüsumları kifayət qədər aşağıdır. 

Prosedurun şəffaf və sadə olmasına baxmayaraq, bəzi vətəndaşlar növbələrə və prosesin müəyyən mərhələlərinə səbr göstərməkdə çətinlik çəkir. Bu səbəbdən, əlavə vasitəçilərə müraciət edənlər olur. Halbuki, səbrli olmaqla rəsmi prosedurları izləyən şəxslər qeydiyyatı heç bir çətinlik çəkmədən həyata keçirə bilərlər. Mərkəzlərdə əlavə şəxslərin işə müdaxilə etməsinə ehtiyac yoxdur, çünki rəsmi qurumlar prosesi mümkün qədər şəffaf və asan şəkildə idarə edir".

Yasin

Ekspert bildirdi ki, onlayn platformalardan xaricdən sifariş edərkən, təhlükəsizliyə diqqət yetirilməməsi həm maddi, həm də hüquqi risklər yarada bilər.

"Xaricdən nəqliyyat vasitəsi idxal edən vətəndaşlar üçün müəyyən edilmiş standartlar və məhdudiyyətlər mövcuddur. İlk növbədə, ölkəyə gətirilən avtomobil Azərbaycan Respublikasında qəbul edilmiş texniki və ekoloji standartlara uyğun olmalıdır. Bu şərtlər yerinə yetirildiyi təqdirdə, avtomobilin hansı ölkədən idxal edildiyinin heç bir fərqi yoxdur.

Bununla belə, idxal edilən avtomobillərin istehsal tarixi ilə bağlı ciddi məhdudiyyətlər var. Belə ki, istehsal tarixi 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalı qadağandır. Bu qayda, ətraf mühitin mühafizəsi və texniki təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır. Dünya üzrə ixrac edilən avtomobillərin əksəriyyəti standartlara uyğun gəldiyi üçün idxal prosesində bu tələbləri qarşılamaq çətin deyil. Son dövrlərdə avtomobil idxalı üçün müxtəlif onlayn platformalardan istifadə edənlər artıb. Lakin bu platformaların bəziləri hüquqi baxımdan zəif təşkil edildiyindən vətəndaşlar üçün risklər yarada bilər. Bu cür hallardan qorunmaq üçün hüquqi cəhətdən müəyyən depozit, müəyyən qarantiya şeyləri şərtləri müqavilə bağlamaq lazımdır", - deyə Yasin Mustafayev əlavə etdi.

Türkan İSGƏNDƏRLİ

 

Seçilən
10
3
redaktor.az

4Mənbələr