“Azərbaycan çempionatının bütün oyunlarını izləyirəm. “Zirə”nin bu mövsümkü çıxışını qənaətbəxş hesab edirəm”,
Bu sözləri “FutbolPress“ə açıqlamasında “Zirə”nin sabiq futbolçusu Adrian Skarlatake dedi. Hazırda Rumıniya II Liqasında “Konkordiya”ya rəhbərlik edən mütəxəssis sabiq klubundan bir neçə oyunçunu bəyəndiyini söylədi:
“Azərbaycan futbolunu yaxından izləyirəm. Komandaların nəticələri ilə tanışam. Bu mövsüm “Araz-Naxçıvan” yaxşı çıxışı ilə diqqət çəkir. “Qarabağ” isə həmişəki kimi zirvədədir. Ümumiyyətlə, maraqlı çempionat keçir. “Zirə”nin də çıxışı qənaətbəxşdir. Bu komandadan bir çox oyunçunu bəyənirəm. Ümumilikdə, Premyer Liqanızda maraqlı oyunçular var. Biz özümüz diqqəti gənclərə vermişik və Azərbaycandan hansısa oyunçunu heyətimizdə düşünmürük. Lakin yenə deyirəm, bəyəndiyim oyunçular çoxdur”.
Mütəxəssis “Qarabağ”ın Avropa Liqasında “Styaua”ya qarşı keçirəcəyi oyundan da gözləntilərini bölüşdü:
“Maraqlı oyun olacaq. “Styaua” bu mövsüm yaxşı çıxış edir. “Qarabağ” da həmişəki kimi gözəl futbol oynayır. Komandaların şanslarını bərabər hesab edirəm”.