AZ

Orelyen Tçuameni: “Bizi eyni zamanda sevir və nifrət edirlər”

“Real”ın fransalı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni Fransada fərdiliyin təzahürü və futbolçulara münasibətdən söhbət açıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Evdə mən – Orelyen Tçuameniyəm. Amma meydana çıxanda sanki səhnəyə çıxıram. Bu, başqa bir simadır… Jurnalistlərlə ünsiyyətdə olanda isə çox vaxt qəlibə müvafiq danışırsan, çünki deyilməsi mümkünsüz xüsuslar var. Bu, bir gerçəklikdir. Elə, Fransada da bu, əksəriyyətlə belədir – oyunçular öz fərdiliyini ifadə edə bilmirlər. Bu səbəbdən mənə elə gəlir ki, bizi eyni zamanda sevir və nifrət edirlər”, deyə Tçuameni vurğulayıb.

Orelyen Tçuameni “Bordo”nun yetirməsidir. Tçuameni “Real”a 2022-ci ilin iyul ayında 80 milyon avro müqabilində “Monako”dan keçib. Fransalı “dayaqçı”nın “qaymaqlılar”la müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Tçuameni “Real”ın heəytində bütün yarışlarda 20 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Tçuameninin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 109 oyun, 3 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Orelyen Tçuameni 2021-ci ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 38 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Orelyen “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Tçuameni “Kral klubu” ilə İspaniya La Liqasını (2023/2024), İspaniya Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2023/2024) qazanıb, həmçinin Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı fransalı dayaq yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
10
arena.az

1Mənbələr