AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərdən biri də Ramin Ağayevdir.
Ölkə.Az “nur.kz”a istinadla xəbər verir ki, o, stüard olsa da, dekabrın 25-i təyyarədə sərnişin kimi uçub.
Məlumata görə, o, “ Ural Hava Yolları”nın təyyarə bələdçisi olub.
“Çox təəssüf hissi ilə bildirməliyik ki, həmkarımız Ramin Ağayev AZAL aviaşirkətinin təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib. O, faciəvi qəza zamanı bu reysin sərnişini olub” – “Ural Airlines”in məlumatında deyilir.
Ramin Ağayev 1996-cı ildə anadan olub. Dekabrın 24-dən 29-a kimi onun istirahət günləri olub.
Xatırladaq ki, qəza zamanı avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Qəza nəticəsində ölənlərdən 3-ü ekipaj üzvüdür. Belə ki, pilotlar İqor Kşnyakin və Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva həlak olub, digər təyyarə bələdçiləri Aydan Rəhimli və Zülfüqar Əsədov sağ qalıb.
Billurə