ABŞ səfiri Mark Libbi təyyarə qəzası ilə əlaqədar Azərbaycana qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduqlarını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir",-diplomat vurğulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
"Cebheinfo.az"