Amerikanın investisiya bankı "Goldman Sachs" gələn ilin sonuna qədər bir unsiya qızılın 3 min dollara qədər bahalaşacağı ilə bağlı proqnoz verib. "Goldman" analitikləri hesab edirlər ki, qızılın qiyməti əsasən, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini nə qədər azaltmasından asılı olacaq. Bəs görəsən, qızılı bahalaşdıran səbəb nədir?
İqtisadçı ekspert Pərviz Heydərov Bakupost.az –a deyib ki, dünya bazarlarında qızılın qiyməti qalxmaqda davam edir. Bu, Azərbaycanın xeyrinədir:
"Qızılın bahalaşması bizə səmərə gətirir və effekt verir. Birincisi, valyuta ehtiyatlarımızın bir hissəsi qızıldan ibarətdir. Odur ki, təhlükə barədə danışmağa dəyməz. Dövlət Neft Fondunun ehtiyatlarının təxminən 15 faizə qədəri qızılla yerləşdirilib. Mərkəzi Bankın da qızıl ehtiyatı var. Sözügedən metalın dəyəri qalxdıqda və yaxud endikdə valyuta ehtiyatlarının ümumi həcminə təsir edir”.
O qeyd edib ki, Azərbaycan qızıl ixrac edən ölkədir: “Regionda demək olar, yeganə ölkəyik ki, bu qiymətli metalı hasil və ixrac edirik. Təkcə ötən il ərzində yerli və xarici bazarlarda ümumən 68,1 min unsiya qızıl satmışıq ki, bu da, ötən illərlə müqayisədə bilavasitə qızıl satışı üzrə 7 faiz artım deməkdir. Qızılın bahalaşması ölkəmiz üçün əslində yeni üfüqlər açır. Yaranan vəziyyət bizdən mədənçıxarma sənayesini daha da genişləndirməyi və sürətlə inkişaf etdirməyi tələb edir. Bu baxımdan, işğaldan azad olunan ərazilərin potensialından maksimum istifadə etmək lazımdır. Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının istismarı ölkəmizə külli məbləğdə valyuta gəlirləri vəd edir”.
Sevinc,
BakuPost