Bu qısa lakin ümid dolu cümlə hər kəsin qəlbinə yol tapdı
Hökümə Əliyevanı artıq böyükdən kiçiyə hər birimiz tanıdıq. Tanıdıqca daha qürurlandıq... “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer190” tipli sərnişin təyyarəsinin Bakı-Qrozni (Rusiya Federasiyası) reysini yerinə yetirərkən təyyarə qəzasında həlak olan Hökümə Əliyeva “Hər şey yaxşı olacaq” -bu qısa lakin ümid dolu cümləsi ilə hər kəsin qəlbinə yol tapdı. Ölümün bir addımlığında olduğunu bilə-bilə özünə deyil sərnişinlərə ümid işığı oldu Hökümə xanım. Bəli, elə bir işıq ki, o işığın qığılcımları ilə təyyarənin göyərtəsində olan insanların yaşamasına olan inamını artırdı.
Hökümə Əliyeva insanlara bir ümid olması üçün vəzifəsini sona qədər icra etdi. O, bu hadisəyə təkcə vəzifə nöqteyi nəzərindən yanaşmadı, sərnişinlər üçün bələdçi olmaqla yanaşı, sonadək bir ana, bir bacı kimi motivasiya etməyə çalışdı. Hökümə xanım titrək səsi ilə “Hər şeyin yaxşı olacağına” inanmasa da insanları inandırmağa çalışdı. Bəlkə elə buna görə də kimlərsə təlimatlara əməl edərək sağ qalmağı bacardı.
Hökümə xanım bir tarix yazdı. O tarix ki heç bir zaman yaddaşlarımızdan silinməcəyək. O tarix ki, vəzifəsini layiqincə yerinə yetirən, ölümün gözünə dik baxan Azərbaycan qadınının qəhrəmanlığını, fədəkarlığını sərgilədi.
“Bu gün hamı sakit olsun” -dedi Hökümə xanım. Bəli, bu gün artıq hər birimiz sükuta qərq olmuşuq. Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm elan edildi.
Acımız ağırdır. Lakin olduq qədər qürurluyuq. Ona görə ki, qəhrəman pilotlarımızın peşəkarlığı və Hökümə Əliyev kimi bələdçilərimizin fədakarlığı nəticəsində sərnişinlərin bir qismi sağ qalıb. Bu hadisə təkcə təyyarə qəzası olaraq deyil, həm də fədakarlıq nümunəsi olaraq yaddaşlara hakim kəsildi. Hadisədə həyatlarını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara tez bir zamanda şəfa tapmasını diləyirik!
Əzim Cəfərli,
jurnalist