AZ

Azərbaycanda distant təhsil diplomları birdəfəlik qadağan olundu...

Image

Kamran Əsədov: “Azərbaycanda distant təhsillə alınan diplomların tanınmaması insanların təhsil almaq hüququnun pozulmasıdır”

"Distant təhsillə əlaqədar hazırda tanınma həyata keçirilmir". Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O vurğulayıb ki, bunun səbəbi müvafiq mexanizmlərin mövcud olmamasıdır: "Əgər bu istiqamətdə qərar verilərsə, biz icra edən tərəf olaraq işimizi görəcəyik. Lakin məsələyə fərqli yanaşmaq lazımdır. Distant təhsil məşğul insanlar üçün daha səmərəli ola bilər. Onlar iş yerlərindən ayrılmadan bu təhsili əldə edə bilirlər".

Maraqlıdır, distant təhsil diplomu niyə tanınmır?

“Distant təhsilin hüquqi, metodoloji və keyfiyyət baxımından zəifliyi səbəbindən diplomların tanınmaması mövcud reallığa uyğun bir qərar kimi görünür”

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda distant təhsillə alınan diplomların tanınmaması insanların təhsil almaq hüququnun pozulmasıdır. Bu təhsil alma forması həm mövcud qanunvericilikdə, həm də dünya təcrübəsində var. Düzdür, distant təhsilin müsbət və mənfi tərəfləri, ölkənin təhsil sistemi ilə uyğunlaşma dərəcəsi hələ də təhlil edilməyib: “Mövcud qanunvericilikdə distant təhsilin hüquqi çərçivəsi tam aydın şəkildə tənzimlənməyib. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda distant təhsil anlayışı yer alsa da, bu sahədə standartlar və keyfiyyət göstəriciləri dəqiq müəyyən edilməyib. Xüsusilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən distant təhsilin akkreditasiya prosesi və onun beynəlxalq standartlara uyğunluğu ilə bağlı mexanizmlər tətbiq olunmur. Belə bir şəraitdə distant təhsilin nəticələrinin tanınması mümkün deyil, çünki bu formatın müasir əmək bazarı və milli təhsil standartları ilə uyğunluğu sual altındadır. Dünya təcrübəsinə baxdıqda isə distant təhsilin müxtəlif ölkələrdə fərqli şəkildə qəbul edildiyini görürük. Məsələn, ABŞ-da Coursera, edX kimi platformalar vasitəsilə təqdim olunan kurslar geniş şəkildə tanınır. ABŞ universitetləri, xüsusilə Massachusetts Texnologiya İnstitutu (MIT) və Stanford Universiteti kimi nüfuzlu təhsil müəssisələri distant təhsilin keyfiyyətinə ciddi nəzarət edərək bu formatı inkişaf etdiriblər. Bunun nəticəsində ABŞ-da distant təhsildən əldə edilən diplomlar, əgər akreditasiya olunmuş qurumlar tərəfindən verilibsə, əksər işəgötürənlər və dövlət qurumları tərəfindən qəbul edilir. Avropa İttifaqı da distant təhsil sahəsində keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün “Bologna Prosesi” çərçivəsində bir sıra addımlar atıb. Erasmus+ proqramı çərçivəsində tələbələrə onlayn kurslar vasitəsilə kreditlər toplamaq və bu kreditləri ənənəvi təhsil diplomuna əlavə etmək imkanı verilir. Bununla belə, Avropa İttifaqında belə distant təhsilin diplomlarının tam şəkildə tanınması üçün tələbələrin təhsil müddətində göstərdikləri nəticələrə xüsusi diqqət yetirilir”.

Ekspert hesab edir ki, Azərbaycan kontekstində distant təhsilin əsas problemlərindən biri də tədris prosesinin şəffaflığı ilə bağlıdır. Distant təhsildə tələbələrin biliyinin qiymətləndirilməsi ənənəvi təhsil ilə müqayisədə daha çətin olur: “Belə ki, onlayn imtahanlarda saxtakarlıq və digər qeyri-etik davranış risqləri yüksəkdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi məhz bu kimi problemləri əsas gətirərək distant təhsilin tanınmasının hazırkı mərhələdə mümkün olmadığını bildirir. Distant təhsilin tanınmamasının digər səbəbi ölkədə bu sahədə keyfiyyət təminatı sisteminin inkişaf etməməsidir. Məsələn, distant təhsilin standartlarının müəyyən edilməməsi, təhsil müəssisələrinin bu formatda tələbələrə lazımi səviyyədə bilik verib-verməməsini qiymətləndirmək üçün mexanizmlərin olmaması əsas çətinliklərdən biridir. Beynəlxalq təcrübədə distant təhsilin tanınması üçün ciddi akreditasiya tələbləri tətbiq olunur. Məsələn, ABŞ-da “Council for Higher Education Accreditation” (CHEA) və “Distance Education Accrediting Commission” (DEAC) kimi qurumlar distant təhsil proqramlarını təsdiqləyir və onların standartlara uyğunluğunu təmin edir. Azərbaycanda isə bu cür mexanizmlər hələ mövcud deyil. Statistik məlumatlara nəzər salsaq, dünya üzrə distant təhsil alan tələbələrin sayı ilbəil artır. UNESCO-nun 2023-cü ildə dərc etdiyi məlumatlara əsasən, qlobal səviyyədə ali təhsil alan tələbələrin təxminən 30 faizi distant formatda təhsil alır. Bununla yanaşı, COVID-19 pandemiyası zamanı distant təhsilə keçidin zəruriliyi bu formatın potensialını nümayiş etdirdi. Azərbaycanda isə pandemiya dövründə distant təhsilin tətbiqi bir çox texniki və metodoloji problemləri üzə çıxardı ki, bu da ölkədə distant təhsil diplomlarının tanınmaması ilə bağlı mövqeyi daha da gücləndirdi. Nəticə etibarilə, distant təhsilin tanınması üçün bir sıra islahatların həyata keçirilməsi zəruridir. İlk növbədə, distant təhsil üçün milli standartlar hazırlanmalı, keyfiyyət təminatı sistemi tətbiq edilməli və bu sahədə beynəlxalq təcrübələr öyrənilməlidir. Bundan əlavə, distant təhsilin nəticələrinin etibarlılığı təmin edilməli, tələbə-müəllim qarşılıqlı əlaqəsi daha şəffaf şəkildə təşkil edilməlidir. Əgər bu məsələlər həll olunarsa, distant təhsilin diplomlarının tanınması məsələsi yenidən müzakirə mövzusu ola bilər. Hazırkı mərhələdə isə distant təhsilin hüquqi, metodoloji və keyfiyyət baxımından zəifliyi səbəbindən diplomların tanınmaması mövcud reallığa uyğun bir qərar kimi görünür”.

Günel CƏLİLOVA





Seçilən
15
baki-xeber.com

1Mənbələr