AZ

Kaş ki Hökumənin ömrü Qənirəninkinə bənzəməzdi... - Mərhum deputatın BACISI

AZAL-a məxsus Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəza enişi edib. Nəticədə təyyarənin göyərtəsində olan 67 nəfərdın 38-i həlak olub. 

Qroznı səmasında Rusiyanın raket hücumuna məruz qalan və ciddi zədə alandan sonra Aktauya istiqamətlənən təyyarənin orada qəzaya uğraması Azərbaycanı matəmə boğub. 

Bu hadisədə həyatını itirən insanlardan biri də ümidin simvoluna çevrilən, son anda “Hər şey yaxşı olacaq” deyən stüardessa Hökumə Əliyeva idi.

Hökumə xanımın anası Kəmalə Alıyeva qızının ölümü ilə bağlı jurnalistlərə verdiyi açıqlamada bildirib: “Mən özümü əvvəldən bu günə hazırlamışam. İstəmirdim qızım təyyarə ilə tez-tez səyahətə çıxsın, uşaqlıqdan istəyirdim ki, o, Qənirə Paşayeva kimi olsun”. 

Mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Hökumənin anasının açıqlamasından təsirlənib.

Kəmalə Paşayeva bununla bağlı hisslərini Modern.az-la bölüşüb:


“Bu hadisə bizim üçün - ölkəmiz, xalqımız, millətimiz üçün çox üzücü oldu. Xeyli sayda soydaşımızın həlak olması bizi çox sarsıtdı. Allah qəzada həyatını itirən insanlarımızın ailələrinə səbr versin, Azərbaycanın başı sağ olsun. Biz həmin ailələrin acılarını həqiqətən hiss edə bilirik. Yaralılarımıza Allahdan şəfa diləyirəm. O faciəni yaşayan insanlarımıza psixoloji travmalarına ən qısa zamanda qalib gəlməyi arzu edirəm”. 


Kəmalə Paşayeva stüardessa Hökumə Əliyevanın sosial şəbəkələrdə yayılmış məlum səsyazısına qulaq asanda çox təsirləndiyini və özünü çətinliklə ələ aldığını qeyd edib:

“O videoya mən də baxdım və çox üzüldüm. Kaş ki ömrü Qənirəyə bənzəməyəydi - ikisini də bu qədər tez itirməzdik. Dünən dostlarım o videonu mənimlə paylaşdı.
İlk növbədə o ananın qarşısında baş əyirəm ki, bu qədər cəsur övlad yetişdirib. Hadisəni duymağına, ölümə diri-diri gedəcəyini bilməyinə rəğmən Hökumənin insanları sakitləşdirməsi mənə görə bir qəhrmanlıq hekayəsidir. Hökumə orada əsl qəhramanlıq göstərib. Kəmalə ananın da Qənirə xanımı öz qızına kumir göstərməsi bizim üçün əvəzedilməz duyğudur, amma kaş ki Hökumənin ömrünün qısalığı Qənirənin ömrünə bənzəməzdi...”. 


Hökumə Əliyevanın dəfnində iştirak haqqında da danışan mərhum Qənirə Paşayevanın bacısı bildirib ki, işlə əlaqədar xaricdə yaşasa da, Azərbaycandakı digər ailə üzvləri dəfn mərasiminə qatılacaq:

“Hazırda işlə əlaqədar xaricdəyəm, amma ailə üzvlərimin o dəfnə qatılacaqlarına əminəm, bu barədə onlarla əlaqə saxlayacam”. 

“O mərasimi görmək hamımız üçün psixoloji olaraq çox ağır olacaq”, - Kəmalə Paşayeva sonda bildirib. 

Seçilən
10
1
modern.az

2Mənbələr