Dünya Azərbaycanlılarının Həmrəyliyi birliyimizi ifadə edən ən ali dəyərlərdən biridir.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yalnız bir bayram deyil, həm də dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın mənəvi birliyini, milli varlığını və dövlətçilik ruhunu ifadə edən xüsusi gündür. Bu bayram, Azərbaycan xalqının tarixi irsini, milli dəyərlərini və müstəqil dövlətçilik uğrunda mübarizə əzmini nümayiş etdirən əlamətdar bir hadisədir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildi. Bu təşəbbüs, Azərbaycan xalqının tarixi birlik ideyasını və milli birliyini möhkəmləndirmək məqsədi daşıyırdı. O dövrdə xalqın Araz çayı boyunca iki sahildəki birləşmək istəyi, azərbaycanlıların bir millət olduğunu bütün dünyaya nümayiş etdirdi. Həmrəylik Günü, məhz bu mənəvi və tarixi arzunun simvolik əksidir. 1991-ci ilin dekabrında qəbul edilən bu qərar, milli birlik ideyasının dövlət səviyyəsində təsdiqlənməsi idi. Bu bayramın təsis edilməsi, yalnız bir tarix deyil, həm də Azərbaycan xalqının milli-mənəvi birliyinin və tarixi Vətən sevgisinin ifadəsidir. Həmrəylik Günü, milli mənlik şüurunun möhkəmləndirilməsi, Azərbaycan xalqının tarixi köklərinə sadiqliyinin nümayiş etdirilməsi və dövlətçilik prinsiplərinin qorunması baxımından mühüm bir məqamdır. Azərbaycançılıq ideyası, dilimizə, dinimizə, mədəniyyətimizə və dövlətçiliyimizə sarsılmaz bağlılığımızın ifadəsidir. Bu gün, dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşərək dövlətçiliyimizi gücləndirdiyi və milli maraqları müdafiə etdiyi bir bayramdır. Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri bu birliyin mənəvi simvoluna çevrilmişdir. Həmrəylik Günü, xaricdə yaşayan azərbaycanlıların milli maraqlar ətrafında təşkilatlanması və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün bir vasitə olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı və milli maraqları beynəlxalq səviyyədə müdafiə edən güclü bir diaspor formalaşdırıldı. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycan Diasporuna Dəstək Fondunun təsis edilməsi olmuşdur. Bu fond, xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərini qorumaq, onların hüquqlarını müdafiə etmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq işində mühüm rol oynayır. 2020-ci ildə Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının göstərdiyi misilsiz birlik, Həmrəylik Gününün əsl mahiyyətini bir daha sübut etdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycanın haqq səsini müdafiə etməsi, ölkəmizin beynəlxalq səviyyədə dəstəklənməsi işində mühüm rol oynadı. Cənab Prezident İlham Əliyev bu həmrəyliyi yüksək qiymətləndirərək qeyd etmişdir ki, Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının birliyi, milli maraqlarımızın müdafiəsi işində tarixi əhəmiyyət daşıdı. Bu birlik, milli ruhun yüksəlişini, dövlətimizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsini təmin etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yalnız keçmişin şərəfli bir səhifəsi deyil, həm də gələcək nəsillər üçün milli birlik çağırışıdır. Dünya Azərbaycanlılarının Qurultayı, xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin edilməsi və diaspor fəaliyyətinin əlaqələndirilməsi məqsədini daşıyan ən yüksək səviyyəli tədbirdir. Bu qurultay xaricdə yaşayan azərbaycanlıların ümumi məqsədlər ətrafında birləşməsi və diasporun gücləndirilməsi istiqamətində mühüm rol oynayır. İlk qurultay ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında Bakı şəhərində keçirilmişdir. Dünya Azərbaycanlılarının I Qurultayı ilə diaspor fəaliyyətində yeni bir mərhələ başlandı. Qurultayda Əlaqələndirmə Şurası yaradıldı və Heydər Əliyev onun sədri seçildi. Bu tədbir əsasında xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin formalaşdırılması üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edildi. 2006-cı ildə keçirilmiş II Qurultayda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçildi. Qurultayda qəbul edilən sənədlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə müraciətlər, diaspor fəaliyyətinin genişlənməsinə yol açdı. 2011-ci ildə baş tutan III Qurultay Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuşdu. Qurultayda bir sıra mühüm qərarlar qəbul edilərək diaspor fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün Əlaqələndirmə Şurasının strukturu təkmilləşdirildi. 2016-cı ildə IV Qurultayda diaspor hərəkatının müasir dövrün tələblərinə uyğun şəkildə qurulması, informasiya müharibəsi və gənclərin diaspor fəaliyyətində rolu kimi mövzular geniş müzakirə edildi. Bu qurultayda bir sıra qlobal çağırışlara cavab olaraq yeni fəaliyyət mexanizmləri qəbul edildi. Son olaraq, 2022-ci ildə Şuşa şəhərində keçirilmiş V Qurultay, Qarabağın azad edilməsindən sonra diaspor nümayəndələrinin ilk böyük görüşü olaraq xüsusi tarixi əhəmiyyət daşıyırdı. Zəfər Qurultayı adlanan bu tədbirdə post-müharibə dövründə diasporun vəzifələri, Qarabağın bərpası və yenidən qurulmasında diasporun rolu müzakirə edildi. Tədbirin Şuşada keçirilməsi Azərbaycan xalqının milli birliyinin və mədəni irsinin təsdiqi kimi dəyərləndirildi. Dünya Azərbaycanlılarının Qurultayları azərbaycanlıların diaspor fəaliyyətinin gücləndirilməsi, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması və Azərbaycan icmalarının birliyinin təmin edilməsi yolunda mühüm platforma olmuşdur. Hər il bu günün qeyd olunması, tarixi Vətənlə mənəvi əlaqələrin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və dünyada Azərbaycan həqiqətlərinin yayılması istiqamətində vacib bir mesajdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, milli birliyimizin və dövlətçiliyimizin gücünü nümayiş etdirən, Azərbaycan xalqının vahid ideologiya ətrafında birləşməsinin təntənəsidir. Bu bayram, azərbaycançılıq ideyasının yaşadılmasına, milli maraqlarımızın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən bir simvoldur. Azərbaycan Respublikasının müstəqilliyi, dövlətçiliyimizin qorunması və milli-mənəvi dəyərlərimizin yaşadılması işində Həmrəylik Gününün əhəmiyyəti əvəzsizdir.
Arif Fərzəliyev ,
YAP Cəbrayıl rayon təşkilatının sədri.