AZ

Yaponiya hökuməti 55 milyard dollarlıq müdafiə büdcəsi layihəsini təsdiqləyib

Bakı, 27 dekabr, AZƏRTAC

Yaponiya hökuməti 2025-ci maliyyə ili üçün 730 milyard dollar həcmində büdcə layihəsini təsdiqləyib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, büdcə layihəsində müdafiə xərcləri ilk dəfə olaraq 55 milyard dolları ötüb.

Hərbi xərclərin artırılması Çində sürətli hərbi quruculuq və Şimali Koreyanın Rusiya ilə artan əlaqələri fonunda ölkənin regional təhlükələrə cavab qabiliyyətini gücləndirmək məqsədi daşıyır. Müdafiə sahəsinə ayrılan büdcə vəsaitləri uzaqmənzilli raketlərin kütləvi istehsalını təmin edəcək. Agentliyin məlumatına görə, Yaponiya ardıcıl olaraq 13-cü ildir ki, müdafiə xərclərini artırır.

Bundan əlavə, Yaponiyanın Nazirlər Kabineti iqtisadi inkişafı stimullaşdırmaq üçün yarımkeçiricilər istehsalına və süni intellekt texnologiyaları sahəsinə xeyli vəsait ayıracaq. Bu məqsədlə yarımkeçirici komponentlərin istehsalı ilə məşğul olan “Rapidus” kompaniyasına 640 milyon dollar sərmayə yatırılacaq.

Eyni zamanda, büdcənin təxminən üçdə biri - 244 milyard dolları sosial təminat üçün nəzərdə tutulub. Yaponiya həm əhalinin yaşlanması, həm də doğum nisbətinin azalması ilə mübarizə aparır.

Buna baxmayaraq, oktyabrda keçirilən parlament seçkilərindən sonra azlıq hökumətinə rəhbərlik edən Şiqeru İşiba müxalifət partiyalarının müraciətlərinə cavab olaraq büdcə layihəsinə düzəlişlər edə bilər.

 

Seçilən
4
azertag.az

1Mənbələr